FƏALİYYƏTİ DƏYƏRLƏNDİRİLDİ

Cavanşir Nurməmmədov rayonumuzun tanınmış, ictimaiyyət arasında hörməti və nüfuzu olan ağsaqqal ziyalılarından biridir. Uzun illər məsul rəhbər vəzifələrdə-ictimai iaşə müəssisələri birliyində, tədarük kontorunda çalışan, yeni konserv zavodunun tikintisindən tutmuş, istifadəyə verilməsinədək əmək sərf edərək 17 il bu müəssisəyə rəhbərlik edən Cavanşir müəllim təqaüdə çıxandan sonra da ictimai fəaliyyətindən ayrılmamışdır. 2008-ci ildən Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Şurasının rayon təşkilatının başında duran ağsaqqal ziyalı ictimai-siyasi sabitliyin qorunması, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, ağsaqqal və veteranların təcrübəsinin təbliği istiqamətində səmərəli fəaliyyət göstərməkdədir.

Doğum günü ərəfəsində ağsaqqal ziyalını qəbul edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov onu təbrik etmiş, möhkəm cansağlığı, mühüm fəaliyyətində uğurlar diləmişdir:

-On ildən artıqdır ki, çoxsaylı ictimai quruma- Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Şurasının rayon təşkilatına rəhbərlik edirsiniz. Babalarımızdan miras qalmış dostluq, sədaqət, vətənpərvərlik ənənələrinin gənc nəslə ötürülməsi, milli-mənəvi, əxlaqi dəyərlərimizin qorunması, nəsillərin qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi sahəsində ağsaqqalların, veteranların üzərinə mühüm vəzifələr düşür. Siz və rəhbərlik etdiyiniz təşkilat bu missiyanın öhdəsindən layiqincə gəlirsiniz. Ona görə Sizə təşəkkürümü bildirir, doğum gününüzü təbrik etməklə bərabər, uzun illər səmərəli fəaliyyətinizə görə Qusar Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını və hədiyyəsini təqdim edirəm.

Çıxış edən Cavanşir Nurməmmədov fəaliyyətinə verilən qiymətə görə minnətdarlıq etmiş, ona həvalə olunmuş vəzifənin yerinə yetirilməsi üçün bundan sonra da məsuliyyətlə çalışacağını bildirmişdir.

Biz də bu xoş diləklərə qoşulur, Cavanşir müəllimi ürəkdən təbrik etməklə ona tükənməz enerji, yeni uğurlar arzulayırıq.

    “Qusar”