Kəndlərin qayğılı günləri

Bildiyiniz kimi Qusar respublikanın “Şimal qapısı” sayılmaqla bərabər ölkənin ərzaq təminatına sanballı pay qatan kənd təsərrüfatı rayonudur. Respublikanın aran rayonlarında ildə eyni sahədən 2-3 dəfə məhsul yığıldığı halda, sərt iqlim şəraiti qusarlı fermerlərə belə imkan vermir. Ona görə də əsas məqsəd böyük zəhmətlə yetişdirilmiş məhsulun tez və itkisiz, vaxtında yığılmasından ibarətdir.

Rayonda cari ilin məhsulu üçün 23275 hektar buğda, 10451 hektar arpa, 230 hektar dən üçün qarğıdalı, 299 hektar lobya, 1987 hektar kartof, 1076 hektar tərəvəz və digər yem bitkiləri əkilmişdir. Müşahidələr göstərir ki, ərik, gilas, albalı və qoz istisna edilməklə qalan bütün sahələrdən bol məhsul gözlənilir. Meyvə və üzüm bağlarında yetişdirilən məhsulun da bolluğu göz oxşayır.

Bununla yanaşı qeyd edilməlidir ki, cari ilin iyun ayının ortalarında (iyunun 17-də) əsən cənub küləyinin təsiri nəticəsində, həmçinin iyul və avqust ayları üçün xarakterik olmayan qeyri-sabit hava şəraiti ən qiymətli ruzimiz olan taxılın, həm də tərəvəzin məhsuldarlığına çox ciddi təsir etmişdir.

 Bundan əlavə iqlim şəraiti elə gətirmişdir ki, bütün respublika ərazisində taxılın yetişmə dövrü bir vaxta düşmüş, nəticədə sahələrdə taxılyığan kombaynların çatışmazlığı üzündən xeyli miqdarda məhsul itkisi olmuşdur. Ötən mövsümlərdə respublikanın cənub və qərb rayonlarından başlayaraq taxıl biçilərdi və sonda şimal rayonlarında biçin kompaniyası aparılardı. Buna baxmayaraq bütün müvafiq qurumların birgə səyi nəticəsində hektardan məhsuldarlıq 19,2 sentner olmaqla taxıl biçilmiş və rayon tarixində rekord miqdarda -64821 ton məhsul istehsal edilmişdir. Məhsuldarlıq keçən ildəkindən 2,2 sentner çoxdur.

 Cari ildə keçirilmiş taxıl biçini kampaniyası bir daha göstərdi ki, xırda təsərrüfatlar formasında gələcəkdə bu sahənin inkişaf etdirilməsi əlverişli deyildir. Belə ki, könüllü formada iri təsərrüfatlar yaradılmalı (misal üçün kooperativ), yüksək texnologiyaya uyğun intensiv yol seçilməli, bütün vegetasiya tədbirləri birgə görülməlidir. Yalnız bu halda yüksək məhsuldarlığa və lazımi gəlirin əldə edilməsinə nail olmaq mümkündür. Nə qədər ki, taxıl heç bir mütəxəssis məsləhəti olmadan kor-koranə şəkildə əkiləcək (özü də 0,80-2 ha) həmin sahədən heç vaxt lazımi nəticə alınmayacaq, əksinə həmin istehsalçı daim taxılyığan kombayn cəhətdən əziyyət çəkəcək, min bir əziyyətlə yetişdirdiyi məhsulu dəyər-dəyməzinə satmaq məcburiyyətində qalacaqdır.

 Rayonda taxılçılıq və eyni zamanda taxıl toxumçuluğu ilə məşğul olan, iri torpaq sahələrinə malik bir sıra təsərrüfatların (“Elit” toxumçuluq-tingçilik MMC, “Çpir” FT MMC, “Şahdağ” FT MMC və başqaları) hər il əldə etdikləri nəticələr iri təsərrüfatların nələrə qadir olduğuna bariz nümunədir. Hektardan 25-33 sentner məhsul götürən bu təsərrüfatlar dövlət büdcəsindən əkin sahələrinə görə verilən vəsaitdən başqa, yetişdirdikləri yüksək reproduksiyalı toxum satışından da əlavə kompensasiya alırlar. Nəticədə istehsalın əsas məqsədi-geniş təkrar istehsal üçün zəmin yaradılır ki, qeyd etdiyim təsərrüfatlar bu şəraitdən yetərincə yararlanırlar.

 Yüksək məhsuldarlıq-torpaqdan səmərəli istifadənin birinci meyarıdır. Hər bir kənd təsərrüfatı istehsalçısı bütün qeyd olunanları araşdırmaqla mütəxəssis rəyindən bəhrələnməli, ana torpağımızın bizə bəxş etdiyi bütün məhsulların səmərəliliyinə çalışmalıdır.

 Bu il avqustun 1-nə rayonda 2646 ton kartof, 5035 ton tərəvəz və 1482 ton meyvə yığılmışdır. Məhsul yığımı davam edir. Ruziniz bol olsun.

Əhmədəli Balakişiyev,
Qusar Rayon Statistika  İdarəsinin aparıcı mütəxəssisi