Peşəmiz çətin olsa da, onun sirlərini hami bilməlidir

Qusar Rayon Dövlət Yanğından Mühafizə Hissəsində yanğın avtomobilləri və xilasetmə avadanlıqlarının nümayişi keçirilmişdir.

Bir sıra yerli icra hakimiyyəti orqanları nümayəndələrinin, məktəblərin müəllim və şagird heyətinin dəvət aldıqları tədbirdə Dövlət Yanğından Mühafizə Xidmətinin yaradılması tarixi və bügünkü inkişafı barədə geniş məlumat verilmişdir. Tədbir iştirakçıları yanğınların söndürülməsində və qəza-xilasetmə işlərinin aparılmasında yanğından mühafizə hissələrinin rolu haqqında məlumatlandırılmışlar.

Qusar DYMH-nin rəis müavini, daxili xidmət mayoru Sərxan Dəmirov hissənin balansında olan yanğın avtomobillərinin taktiki-texniki göstəriciləri barədə geniş məlumat vermişdir. Sonra yanğın avtomobillərinin üzərində olan alət və avadanlıqlar (təyinatı barədə məlumat verilməklə), döyüş geyimi, istilik əksetdirici dəst nümayiş olunmuşdur.

Bundan əlavə şərti yanğın yaradılaraq əsas yanğın avtomobili ilə hissənin heyətində döyüş açılışının yerinə yetirilməsi və yanğının söndürülməsi praktiki olaraq həyata keçirilmiş, hissənin balansında olan qəza-xilasetmə avtomobilinin üzərindəki kəsici-pnevmatik alətlər vasitəsilə müəyyən doğrama əməliyyatları aparılmışdır.

İctimaiyyətin nümayəndələrinə yanğın avtomobillərinin təchizatında olan nəfəs orqanlarının mühafizə vasitələri (MSA) haqqında məlumat verilmiş, onların geyinilib-çıxarılma qaydası, xilasetmə kəndiri ilə özünü və başqasını xilasetmə, hücum nərdivanı və üçdizli nərdivanla təlim qülləsinə qalxma əməliyyatları praktiki olaraq göstərilmişdir.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

   Elvin Hacəliyev,

rayon DYMH-nin texnika uzrə rəis

muavini, daxili xidmət bas leytenantı