ÇATIŞMAZLIQLAR DA SADALANDI

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Gədəzeyxür kəndində səyyar qəbul keçirmişdir.

Ənənəvi görüşdə öncə ölkəmizin siyasi-iqtisadi  və sosial  həyatındakı  sürətli və dinamik inkişafdan söhbət getmiş, xalqımızın qəlbində böyük fərəh doğuran müsbət dəyişikliklərin, qazanılan uğurların məhz dövlət başçısı İlham Əliyev cənabarının yorulmaz fəaliyyətinin səmərəli bəhrəsi olduğu vurğulanmışdır.

Kənd məktəbinin binasında səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə, eləcə də yerli ağsaqqallarla söhbətdə camaatın qayğıları, insanları düşündürən məsələlər dinlənilmişdir.

Güzaranlarından razılıqla danışan kənd sakinləri səyyar görüşdə bəzi çatışmazlıqları da maddi-məsul şəxslərin diqqətinə çatdırmışlar. Kənd tam orta məktəbinin müəllimi Ağabala Ağabalayev mövcud elektrik transformatorunun yerinin dəyişdirilməsi və gərginliyin düzgün paylanması üçün daha münasib yerdə quraşdırılması, fərdi təsərrüfatçı Səbzulla Kəlbəliyev ana su arxının kol-kosdan, ağaclardan və lildən təmizlənməsi işinin həyata keçirilməsinə regional ekologiya idarəsindən icazə verilməməsi, Cahad Paşayev kənd EATS-də nömrə sayını artırmaqla yeni yaşayış məhəllənin sakinlərinin fərdi evlərinin telefonlaşdırılması, Nəzər Nəzərov kənddə tibb məntəqəsinin əsaslı təmiri,  Xangül Vəlixanov yeni qazılmış artezian quyusunda quraşdırma işlərinin başa çatdırılması və istismara verilməsi, təqaüdçü Fətulla Şərifov   kənd tam orta məktəbinin qarşısından keçən küçənin asfaltlaşdırılması təklifləri ilə çıxış etdilər.

Qaldırılan məsələ və problemlərin operativ həllinə nail olmaq üçün müvafiq təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlar verilmişdir.

Görüşdə iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzəmmədov müraciətləri, həmçinin müvafiq idarə rəhbərlərinin izahatlarını diqqətlə dinləyərək həlli yönündə tövsiyələrini vermişdir.