Milli, dini dəyərlərin təbliğatçısı

Ağsaqqallıq yaşla ölçülmür,-deyiblər. Həqiqətən, belədir: elin xeyir-şər məclislərinin önündə olmağı, onları adət-ənənələrimizə, saf islami dəyərlərimizə uyğun yola verməyi bacaran, insanlara həmişə ehtiyac duyulmuşdur.

Ömrünün payız fəslinə, müdriklik çağına qədəm basan Vadir Maqsuddin oğlu da artıq uzun illərdir, ağsaqqallıq missiyasını şərəflə, vicdanla, həm də bacarıqla yerinə yetirir.

1959-cu il oktyabrın 4-də Piral kəndində anadan olan Vadir Mustafayev orta məktəbi bitirdikdən sonra Bakı Politexnik Texnikumunun hidromeliorasiya şöbəsinə qəbul olunmuşdur. İxtisas təhsili aldıqdan sonra doğma Pirala qayıdaraq yerli təsərrüfatda hidrotexnik vəzifəsində çalışmağa başlamış, sonralar bir müddət briqadirlik etmiş, təsərrüfatın sosial həyatında, mədəni-kütləvi tədbirlərində yaxından iştirakı ilə, o vaxtkı “Qızıl Qusar” qəzetinin ştatdankənar müxbirliyi ilə söz sahibi olmağı bacarmışdır.

Hər bir kəsin tale yazısı, alın yazısı deyilən bir qismət payı var. Uşaqlıqdan dinə meyilli, anası Şikle arvadın oxuduğu “Yasin”i həsəd və heyranlıqla dinləyən Vadirin həyatının mühüm dönəmi 1992-ci ilə təsadüf edir.

Həmin il Türkiyə Dini Hizmətləri müşavirliyinin xətti ilə Türkiyədən ölkəmizə gələn ilahiyyat müəllimlərindən biri-İbrahim Duman əfəndi Hil kənd məscidində “Quran” kursu açır. Vadir iki kənd arasındakı yolu çox vaxt piyada qət edərək Hilə gəlir, İbrahim əfəndidən Quranı öyrənməyə başlayır. Bir müddətdən sonra İslama qəlbən bağlılıq, sevgili peyğəmbərimizin qoyduğu yolla, pak imana doğru irəliləmək eşqi o qədər güclənir ki, o hətta Hil kəndində, müəlliminin kirayənişin olduğu Məhəbbət nənənin evində gecələyir, müqəddəs Quranı tamam-kamal öyrənməyə çalışır.

Müstəqillik illərində ölkəmizdə dinə qayıdış, milli-mənəvi dəyərlərə qayğı və onların qorunması sahəsində xeyli işlər görülmüş, dinə, din əhlinə dövlətin qayğı və himayəsi xeyli artmışdır. Bu qayğıdan yararlanan Vadir əfəndi 1996-cı ildə Piral Kənd Dini İcmasını qeydiyyatdan keçirmiş, 2011-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi attestasiya komissiyasında müvəffəqiyyətlə imtahan verən iki nəfər qusarlıdan biri olmuşdur.

2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi təkmilləşdirmə kursunu bitirərək Qusar şəhərindəki Mustafa Kazdal məscidi nəzdində dini ayinləri icra etmək səlahiyyətinə yəyələnmişdir.

Vadir əfəndinin ailəsi də müqəddəs dinimizə tapınan, milli və dini dəyərlərimizin keşiyində sərvaxt duran insanlardan ibarətdir. İki oğul, üç qız atası olan el ağsaqqalı ömür-gün yoldaşı Dilarə xanımla bərabər onların hamısını ərsəyə yetirib ev-eşik sahibi etməyi bacarmışdır.

Din qardaşımızın doğum gününü təbrik edir, ona cansağlığı diləyirik. Allah bizləri doğru yola yönəltsin, Vətənimizi, xalqımızı, din qardaşlarımızı qorusun! Hər şey onun əlindədir! Amin!

  Mustafa Kazdal məscidinin dini     icması, Qusar rayonun dindarları