Fəxri ada layiq görüldü

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 3 oktyabr 2019-cu il tarixli sərəncamı ilə ölkə təhsilinin inkişafındakı xidmətlərinə görə bir qrup təhsil işçisinə “Əməkdar müəllim” fəxri adı verilmişdir. Rayonumuzun Yuxarı Zeyxür kənd tam orta məktəbinin müəllimi Hörmət Camirzə oğlu Ağacanov da fəxri ad alanların cərgəsindədir.

1968-ci il mayın 20-də Yuxarı Zeyxür kəndində anadan olan Hörmət Camirzə oğlu Ağacanov 1985-ci ildə orta məktəbi bitirərək ordu sıralarında xidmətə yollanmışdır. Əsgəri xidmətini başa vurduqdan sonra-1990-cı ildə Bakı Dövlət Universitetin kimya fakültəsinə qəbul olunmuş, 1995-ci ildə oranı bitirərək doğma kənd tam orta məktəbinə müəllim kimi dönmüşdür.

İxtisas fənnini tədris etməklə bərabər 1996-cı ildən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunan Hörmət müəllimin bu illər ərzində çoxlu uğurları olub. Onun yetirmələrindən 7 nəfəri kimya fənni üzrə respublika fənn olimpiadalarının qalibi, 1 nəfər isə beynəlxalq olimpiadanın iştirakçısı olmuşdur.

Hörmət Ağacanov Azərbaycan təhsilindəki xidmətlərinə görə 2005-ci ildə dövlət başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuş, uğurlarına layiqli pay qatdığı Yuxarı Zeyxür kənd orta məktəbinə isə, 2011-ci ildə Prezidentin sərəncamı ilə respublikanın “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi kimi 10 min manat pul mükafatı verilmişdir.

Hörmət Ağacanov ixtisasına dərindən yiyələnmiş, onu şagirdlərə sevdirməyi, öyrətməyi bacaran təcrübəli pedaqoqdur. Onun yetirmələri rayonun, ölkənin müxtəlif müəssisələrində bacarıqlı mütəxəssis olaraq çalışırlar.

Yetirmələri tərəfindən sevilən müəllim, qayğıkeş ailə başçısı və ata olan Hörmət Ağacanovu yüksək fəxri ad almağı münasibətilə təbrik edir, ona cansağlığı, şərəfli peşəsində yeni uğurlar arzulayırıq.                                                                                                                                                                                                         “Qusar”