XOŞBƏXTLİYİNİN DƏMİRÇİSİ OLAN İNSAN

Dəyərli insan, gözəl ailə sahibi, bacarıqlı iş adamı,

sədaqətli dost olan Qurban Qurbanovun 60 yaşı tamam oldu.

Belə anda, ömrün müdrik zirvəsinə ucalan yolun mühüm dönəmini şərəflə qət edən bir insanın dost sözünə, dost təbrikinə ehtiyacı olur. Çünki dost sevincinə sevinən, qəminə ortaq olandır. Bir də deyirlər-“dost aynadır”. Bəs bu aynada necə görünürsünüz?

Deyirlər, insan taleyi yazısı yazılmış halda doğulur. Amma möhkəm əqidəli, məqsədə doğru inamla irəliləyən insan haqqında belə də söyləyirlər: “O, öz xoşbəxtliyinin dəmirçisi olan insan!”.

60 il əvvəl qədim Borçalı mahalının Başkeçid (Dmanisi) rayonu) Şindilər kəndində ziyalı ailəsində dünyaya göz açdınız. Həyat amalınız mübarizə, qələbə, liderlik olub. Orta məktəb illərindən tutmuş həyatınızın arxada qoyduğunuz bütün mərhələlərində bunun şahidi olmuşuq.

Məktəb illərində şagirdlərin çoxu dəqiq və humanitar fənlər arasında seçim etdikləri halda, siz həm riyaziyyat, həm ədəbiyyat üzrə fənn olimpiadalarının qalibi adını qazanar, şahmat turnirlərində birinci olardınız. 1976-cı ildə orta məktəbi qızıl medalla bitirən məzun kimi adınızı rayonun təhsil salnaməsinə yazdıra bildiniz. Elə həmin il Bakıda Dövlət İqtisad Universitetinə daxil olub dörd il sonra buranı fərqlənmə diplomu ilə bitirdiniz.

Uzun illər müxtəlif dövlət qulluqlarında çalışmış, rəhbərliyin, başçılıq etdiyiniz kollektivin etimadını qazanmısınız. Xarakterinizin biz dostlarınız tərəfindən dəyərləndirilən xüsusiyyətlərindən biri də azadlıq eşqiniz, sərbəstliyə, özünütəsdiqə meyliniz, həvəsinizdir.

1995-ci ildə Bakı Baş Tikinti İdarəsi aqrar təsərrüfatının direktorluğundan istefa verərək, öz biznesinizi qurmağa çalışdınız və qısa müddət ərzində uğurlu layihələrə imza atdınız. Qarşıya çıxan çətinliklər, maneələr sizi nəinki qorxutmuş, ruhdan salmış, əksinə daha da bərkitmiş, mübariz etmişdir. Bu da səbəbsiz deyildir. Çünki lap gənc, yeniyetmə çağlarında möhkəm qala-mehriban, etibarlı ailə qurmaqla yenə yaşıdlarınızı, dostlarınızı qabaqlamışdınız. Ataların “Tez duranla, tez evlənən uduzmaz”- məsəlinə əməl edərək  1976-cı ildə ailə həyatını qurdunuz. Ömür-gün yoldaşınız Gülpəri xanımla İki oğul, bir qız olmaqla üç övlıd ərsəyə gətirib layiqli vətəndaş kimi yetişdirmisiniz. Qayğıkeş, istəkli ata olmaqla bərabər, dördü tələbə, ikisi məktəbli olan altı nəvənin mehriban babasınız.

2003-cü ildən etbirən həyatınızın daha işgüzar, daha məhsuldar dönəmi-Qusarla bağlı mərhələsi başlanır. Bir ləzgi dostunuza baş çəkmək üçün ailəliklə rayonun Köhnə Xudat Qazmaları kəndinə qonaq gələndə iki-üç gün keçməmiş paytaxtda allergiyadan, tənəffüs almaqdan əziyyət çəkən nəvənizin xəstəliklə bağlı əlamətləri yox olur! Siz-ailəcanlı baba burada ev tikmək, əziz-xələfinizin xətrinə Qusara köçmək qərarına gəldiniz.

O vaxtdan ötən dövr ərzində ilbəil böyüyən, gözəlləşən Qusarda yaşayır, tikinti, biznes, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla rayonun tikinti-quruculuq, abadlıq tədbirlərində fəal iştirak edirsiniz. Bu vaxt ərzində özünüzü fermerlikdə də sınamış, fındıq, alma, gilas bağları salmaqla 30 nərəfə yaxın vətəndaşı daimi işlə təmin etmisiniz.

Əziz dost, ötən illər ərzində xeyirxahlığınız, işgüzarlığınız, sözübütövlüyünüzlə rayon camaatına hörməti ilə yanaşı rayon rəhbərliyinin etimadını qazanmısınız. 60 illik yubileyin ərəfəsində rayonun  sosial inkişafındakı xiddmətlərinizə  görə Qusar RİH Başçısının fəxri fərmanına layiq görülməyiniz bunu bariz şəkildə sübut edir.

Sizi bir daha həyatınızın əlamətdar hadisəsi-60 illik yubileyiniz münasibətilə təbrik edir, möhkəm cansağlığı, ailə səadəti, fəaliyyətinizdə uğurlar, bütün arzularınızın həyata keçməsini diləyirik.              

DOSTLARIN