Kiçik qardaş da etimadı doğrultdu

Bu il 4-cü qrup üzrə  respublikada maksimum-687 bal yığan məzun həmyerlimizdir.

Rüstəm Həsrətov həmyerlimiz, tanınmış beyin cərrahı Ələsgər Həsrətovun oğludur. 2001-ci ilin noyabrın 20-də Bakıda dünyaya gələn Rüstəm əvvəl Suraxanı rayonundakı 282 nömrəli orta məktəbində təhsil almış, sonra qəbul imtahanı müvəffəqiyyətlə verərək Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə qəbul olunmuşdur. Yeniyetmə bu il həmin liseyi fərqlənmə attestatı ilə bitirmiş, buraxılış imtahanında 300 maksimal baldan 287 bal yığmışdır. Qəbul imtahanında isə maksimal nəticə olan 400 balı yığmaqla 4-cü qrup üzrə respublika birincisi olmuşdur.

Rüstəm liseydə təhsil alarkən əla qiymətlərlə oxumuş, dəfələrlə rayon, şəhər və respublika fənn olimpiadalarında yüksək nəticələr əldə etmişdir. Uşaqlıqdan arzusu atası kimi həkim-beyin cərrahı kimi insanlara şəfa vermək olan gənc nəticələrini eyni zamanda Türkiyə universitetlərinə göndərmiş və bu ölkənin təmin etdiyi təqaüdlə  Ankara Gazi Universitetinin tibb fakültəsində ödənişsiz təhsil almaq haqqını əldə etmişdir.

İyul ayında “Azərbaycan televiziyasının “nəsillərin debatı” verilişinə dəvət alan Rüstəm özünü bilikli, məntiqə və intellektə söykənən zəka sahibi olduğunu bir də təsdiq etmişdir: “Peşə seçərkən onun nüfuzlu, gəlirli olub-olmayacağını deyil, insanlara, cəmiyyətə gərəkliyini fikirləşdim” söyləyən Rüstəm, həkimliyin vaxtla məhdudlaşmayan, daim öyrənmək, müasir metodlara yiyələnməklə təkmilləşən peşə olduğunu da söyləmiş, bu yolu sonadək davam etdirəcəyinə söz vermişdir.

Qeyd edək ki, Rüstəm rayonumuzun veteran müəllimlərindən olan düztahirli Vaqif Həsrətovun nəvəsidir. Rüstəmin böyük qardaşı Samir keçən il Azərbaycan Diplomatik Akademiyasını kompüter elmləri ixtisası üzrə bitirmişdir. Hazırda o, Azərbaycan Texniki Universitetində müvafiq ixtisas üzrə magistraturada oxumaqla yanaşı, tədrisi ingilis dili olan Bakı Britaniya Məktəbində informatika və riyaziyyat fənlərindən şagirdlərə dərs deyir.

Həsrətovların hər iki gənc nümayəndəsinə cansağlığı, təhsildə daha parlaq nailiyyətlər, həyatda isə mübarizə əzmi arzulayırıq.

“Qusar”