Xeyriyyəçi iş adamı tələbələrlə görüşdü

Kənd sakinlərinin, valideynlərin, məktəblilərin qatıldıqları görüşdə tələbələrə pul mükafatı təqdim edilmiş, sonda onların şərəfinə ziyafət təşkil olunmuşdur.

Yaradılmış maddi-texniki imkanlardan, göstərilən maddi və mənəvi dəstəkdən yararlanmaqla uğurlarını ilbəil yüksəldən təhsil müəssisələrimizdən biri də Zindanmuruq kənd məktəbidir. Faktlara diqqət yetirək:2013-cü ilə qədər son 20 ildə məktəbin məzunlarından cəmi 5 nəfər ali məktəbə qəbul olub. 2013-cü ildə 2 nəfər, 2015-ci ildə 3 nəfər, 2016-cı ildə 3 nəfər, 2017-ci ildə 2 qızıl  medal və 4 nəfər, 2018-ci ildə 5 məzun və nəhayət 2019-cu ildə 8 məzun tələbə adını qazanıb. Altı ildə 25 nəfər dövlət ali təhsil müəssisələrinə qəbul olunub ki, onlardan 3 nəfəri təhsillərini magistr kimi davam edirir.

Kənddə yeni, müasir tələblərə cavab verən məktəb binasının inşa edilərək istifadəyə verilməsi, başda direktor Sudya Mançarov olmaqla pedaqoji kollektivin fəaliyyətinin keyfiyyətcə canlandırılması, valideyn-məktəb münasibətlərinin möhkəmləndirilməsi, məktəbə maddi və mənəvi dəstəyin göstərilməsi-uğurun başlıca amilləridir.

Təhsil ocağı, pedaqoji kollektiv, şagirdlər öz xeyriyyəçiliyi, mədəniyyət, sənət adamlarına əl tutmağı ilə tanınan bu məktəbin yetirməsi olan iş adamı Sabir Fərzəliyevin qayğısını həmişə hiss edib.

Yeni dərs ili ərəfəsində, sentyabrın 15-də xeyriyyəçi iş adamının ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan məzunlarla görüşü keçirmişdir.

Kənd sakinlərinin, valideynlərin, məktəblilərin dəvət aldıqları görüşdə çıxış edən Sabir Fərzəliyev ölkənin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə uğurlar arzulayaraq, onlara gələcəkdə daha da yüksək nailiyyətlər əldə etməyi, savadlı kadrlar kimi yetişməyi, dövlətə və millətə layiqlı vətəndaş olmağı arzulamışdır.

Tələbələrə pul mükafatı təqdim olunmuş, sonda onların şərəfinə ziyafət təşkil olunmuşdur.

Görüşə qatılan “Samur” qəzetinin baş redaktoru, yazıçı-jurnalist, Əməkdar mədəniyyət işçisi Sədaqət Kərimova, məktəbin müəllimi, şair Ləzgi Bəhlul və  başqaları tələbə adını qazanan gəncləri, onların valideynlərini təbrik etmiş, yeni uğurlar diləmişlər.