Nazirliyin təşəkkürnaməsini aldı

Qusarlı fermer Qurban Qurbanov taxılçılığın və taxıl toxumçuluğunun inkişafında fəaliyyətinə, yüksək məhsuldarlıq göstəriciləri əldə etdiyinə, nümunəvi fermer təsərrüfatları yaratdığına görə Kənd Təsərrüfatı Nazirliyinin təşəkkürnaməsinə layiq görüldü.

Cəlilabadda “Taxıl-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib. Müşavirədə müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş, taxıl və toxum istehsalı ilə məşğul 200 nəfər fermer iştirak etmişdir.
Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, bu il taxıl biçini dövrü ötən illə müqayisədə 20 gün tez başa çatıb və 3228330 ton məhsul toplanıb. Respublika üzrə taxıl istehsalının orta məhsuldarlığı 31,3 sentner, o cümlədən buğda üzrə orta məhsuldarlıq 32,4 sentner, arpa üzrə isə 29,7 sentner təşkil edib. 2018-ci illə müqayisədə buğdanın məhsuldarlığı 2,3 sentner, arpanın məhsuldarlığı isə 1,8 sentner artıb. 2018-ci illə müqayisədə bu il 200 min ton artıq buğda və arpa məhsulu toplanıb.
Fərəhli haldır ki, bu tədbirə qatılan rayonumuzun nümayəndələri də ürəkaçan göstəricilərdən söhbət açmışlar. Belə ki, 26152,5 hektar biçiləcək sahələrdən hər hektardan orta məhsuldarlıq 27,9 sentner olmaqla 72846 ton taxıl yığılmış, keçən ilə nisbətən sahələrdən 18642 ton çox məhsul götürülmüşdür.
Müşavirədə 2019-cu ildə Azərbaycanda taxılçılığın və taxıl toxumçuluğunun inkişafında oynadığı rola, yüksək məhsuldarlıq göstəriciləri əldə etdiyinə, nümunəvi fermer təsərrüfatları yaratdığına, taxıl biçinində aktiv iştirakına, məhsulun itkisiz yığımını təmin etdiyinə görə 10 fermer, toxumçu və mexanizatora Kənd Təsərrüfatı Nazirliyinin təşəkkürnaməsi təqdim olunub.
Mükafata layiq bilinənlərdən biri də düztahirli fermer, toxum istehsalçısı Qurban Qurbanovdur. O, fərdi fermer təsərrüfatını iyirmi beş il qabaq yaradıb. Ailəsinin pay torpaqlarını birləşdirib əkin-biçinlə məşğul olmağa başlayıb. Əkinlərin sahəsini ilbəil artıran fermer hazırda 500 hektara yaxın sahədə taxıl yetişdirir. Bir neçə ildir ki, toxumçuluq üzrə ixtisaslaşıb.
Qurban Qurbanov bu il daha yaxşı göstəriciyə nail olub. Yetişdirdiyi “Qobustan” buğda sortu üzrə hər hektardan 45, “Qarabağ-22” və “Cəlilabad-19” arpa sortları üzrə 40 sentner toxumluq taxıl götürüb.
Fermer ailə üzvlərindən əlavə mövsüm dövründə 25-30 nəfər vətəndaşı işlə təmin edir.
Təcrübəli fermeri təbrik edir, ona və rayonun bütün taxılçılarına qarşıdakı əkin mövsümündə uğurlar diləyirik.