MÜRACİƏTLƏRƏ QAYĞIKEŞLİKLƏ YANAŞILDI

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Zuxul  ,Yuxarı Kalunxür və Qayakənd kəndlərində sakinlərin səyyar qəbullarını keçirmişdir.

Prezident İlham Əliyevin qarşıya qoyduğu vətəndaşların qaldırdıqları problemləri, kənd sakinlərini narahat edən sosial məsələlərin həllini diqqət mərkəzində saxlamaq barədə göstərnə uyğun olaraq Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun növbəri səyyar görüşləri sərhəd bölgəsində yerləşən Zuxul və Yuxarı Kalunxür kəndlərində keçirilmişdir.

Görüş iştirakçıları qarşısında çıxış edən icra başçısı öncə doğma respublikamızın uğurları, o cümlədən rayonumuzun iqtisadi-siyasi mənzərəsini əks etdirən faktları diqqətə çatdırmış, qazanılan nailiyyətlərdə kənd adamlarının da böyük əməyi olduğunu vuğrulamışdır.

Sonra adəti  üzrə  səyyar  görüşdə vətəndaşları maraqlandıran, narahat edən məsələlər, sual və müraciətlər üzərində dayanılmışdır.

Zuxul kəndində əsasən su ilə bağlı problem qabardılmışdır.Təqaüdçü Məclum Minhacov kəndə gələn 4,5 kilometrlik magistral suvarma arxının əsaslı təmirə ehtiyacı olduğunu, fərdi təsərrüfatçı Reyhanat Həsənbəyova bu arxın həm də şəxsi təsərrüfatlardan və həyətyanı sahələrdən uzaqda olmasını və əlavə yardımçı arxların çəkilməsinin vacibliyini, Şahlar Qlıçov artezian su quyusunun qazılmasının zəruriliyini diqqətə çatdırmışlar.

Zuxul kənd orta məktəbinin müəllimi Xələf Əmirovun, eləcə də Yuxarı Kalunxür kənd məktəbinin müəllimi Ağamurad Əlimuradovun müraciətləri internet şəbəkəsinə qoşulma ilə bağlı olmuşdur.

Su probleminin müzakirəsi qonşu Yuxarı Kalunxür kəndində də  davam etdirilmişdir. Təqaüdçülərdən Meyvəddin Babayevin kəndi suvarma suyu ilə təmin edən 9,5 kilometrlik ana arxın 6 kilometrində təmir işinin aparılması, Ziyəddin Pirimovun artezian su quyusunun qazılması, Ağaməhəmməd Nemətovun qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi ilə bağlı müraciətlərinə yüksək qayğıkeşlik və həssaslıqla yanaşan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov həmin sahələrə cavabdehlik daşıyan əlaqədar təşkilatların və xidmət idarələrinin rəhbərlərinə xüsusi göstərişlərini vermişdir.

Sentyabrın 25-də kənd ibtidai məktəbinin həyətində baş tutan görüşdə şəhərə çox yaxın, onunla üzbəüz olan Qayakənd kəndinin  problemlərinə uzun illər kifayət qədər diqqət göstərilmədiyi üzə çıxdı. Qayakəndlilərin müraciətləri əsasən yol, körpü, elektrik enerjisi, qaz, uşaqların təhsili ilə bağlı idi.

Sakinlərdən Meyvəddin Əmrahov, Yasin Kərimov, Zərbəli Məmmədov, Gülarə Bağışova, veteran müəllim Şərbət Qəribov, Məhəmməd Qəribov, Çingiz Hacıbəyov və başqaları kənd insanlarının arzu, istək və tələblərini dilə gətirdilər. Ərazidə bir neçə istirahət məkanı fəaliyyət göstərsə də, buraya gələn 4 kilometrlik yola hələ də asfalt döşənməyib,  kəndi rayon mərkəzi ilə birləşdirən sovet dönəmindən qalma körpüdə təmir aparılmasına, işıqlandırılmasına, girişlərinin sel əleyhinə möhkəmləndirilməsinə ehtiyac var.

Qusar İƏD-nə və Qusar Bələdiyyəsinə daxil olan bu kənddə 120 təsərrüfatda birləşmiş 600 nəfər sakinin hər birinin öz qayğıları var. Ana Gülarə Bağışova şikayətləndi ki, yeni məhəlləyə köçdüklərindən 15 il ötsə də, 50 ailənin yaşadığı bu massiv hələ də qazlaşdırılmayıb, elektrik dirəkləri yararsızdır, naqillər yerə dəyir.

Görüşdə əsas müzakirə mövzusu məktəb və təhsillə bağlı oldu. Kənddə 60 nəfərdən çox məktəbyaşlı uşaq olsa da, buradakı məktəbə ancaq 7-si gəlir. Valideynlərin çoxu payız, qış demədən uşaqlarını bu yararsız məktəbə deyil, şəhər məktəblərinə göndərməyi üstün tuturlar.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, görüşdə iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzəmmədov müraciətləri, həmçinin müvafiq idarə rəhbərlərinin izahatlarını diqqətlə dinləyərək problemlərin həlli variantlarını da sakinlərlə birgə müzakirə etdilər. Qaz, elektrik enerjisi, sahil qoruyucu bənd və başqa məsələlərlə bağlı müvafiq sahələrin rəhbərlərinə xüsusi tapşırıq verilidi.

Vurğulandı ki, heç bir müraciətdə şəxsi istəyin səslənməməsi, ictimai mənafelərin üstün tutulması, fəal vətəndaş mövqeyinin ortaya qoyulması kənd insanlarının yüksək mədəniyyətini, əxlaqi dəyərlərə sadiqliyini, təmkinliyini büruzə verir.

Sakinlər əmin edildilər ki, görüşdə səslənən bütün təklif və müraciətlər diqqətlə araşdırılaraq müvafiq tədbirlər görüləcəkdir.