Hər kəsin qanuni mənafeləri təmin ediləcəkdir

Sentyabrın 6-da Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov RİH-nin akt zalında Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin üzvləri ilə görüşmüşdür.

Görüş iştirakçılarını səmimi salamlayan rayon icra hakimiyyətinin başçısı Qarabağ müharibəsi veteranlarının, əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin və rifah halının yaxşılaşdırılmasının Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulamışdır. O, müharibə əlilləri və şəhid ailələrinin, müharibə veteranlarının dövlətimiz, xalqımız qarşısında böyük xidmətləri olduğunu, bu kateqoriyalardan olan vətəndaşlara cəmiyyətimizdə daim yüksək hörmət və ehtiram göstərildiyini qeyd etmişdir.

Şair Alxasov sosial müdafiə tədbirlərinin daha səmərəli və məqsədyönlü təşkili baxımından belə görüşlərin keçirilməsinə, onlardan gələn fikir və təkliflərin öyrənilməsinə xüsusi önəm verildiyini bildirib.

Görüşdə rayonun sosial müdafiə sahəsində atılan addımlardan, aparılan islahatlardan, müharibə əlilləri, veteranları və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən və bu sahədə mövcud problemlərdən danışılmışdır.

Qaldırılan məsələlər arasında bu kategoriyadan olan vətəndaşların mənzil və torpaq sahəsi ilə təmin olunması, fərdi evlərin tikintisinə köməkliyin göstərilməsi, evlərin qaz və su xətlərinə birləşdirilməsi və digər məişət yönümlü problemlər yer almışdır.

Görüş, müzakirələrin aparılması, iştirakçıların rəy və təkliflərin dinlənilməsi formatında davam edib. Qarabağ müharibəsi əlilləri Malik Rüstəmov, Zaur Hacıquliyev, Natiq Ağabəyov, Səmayə Bədəlova, Fərhad Vəlimətov, Siley Ulubəyova, şəhid anası Gülcahan Əliyeva, şəhidin həyat yoldaşı Sevda Sultanova və başqaları arzu, irad, şikayət və təkliflərini bildirmişlər.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Canəli Hörmətov görüşün təşkilinə görə minnətdarlığını ifadə etmiş, belə tədbirlərin mütəmadi, başqa formatlarda keçirilməsinin vacibliyini vurğulamışdır.

Görüşdə iştirak və çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Badamov qeyd edib ki, qanunlara edilən mütərəqqi dəyişikliklərlə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin Böyük Vətən müharibəsi əlilləri, hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, 20 Yanvar və Çernobıl əlillərinin, Qarabağ döyüşlərində sağlamlıqlarını torpaq uğrunda itirən əlillərin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci xanım Mehriban xanım Əliyevanın iştirakı ilə şəhid ailələri ilə görüşlər keçirməsi, onlarla səmimi söhbətlər aparması, ailələrinin evlərlə təmin edilməsi, müavinətlərlə bağlı əlavə tədbirlərin görməsi, birdəfəlik müavinətlərin verilməsi və bu sahədə görülən bir çox digər tədbirlər, ölkə rəhbərliyinin, Azərbaycan dövlətinin şəhid ailələrinə, müharibə əlillərinə dərin ehtiramının, diqqət və qayğısının əyani təzahürüdür.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov görüşə yekun vuraraq qaldırılan bütün məsələlərin diqqətlə araşdırılacağını, istər dövlət, istərsə də rayon rəhbərliyi tərəfindən onlara göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə təmin ediləcəyini bildirmişdir.