ƏN UCQAR KƏNDİN QAYĞILARINA DAHA ÇOX HƏSSASLIQ

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Sudur kəndində səyyar-qəbul keçirmiş, yerli sakinləri qayğılandıran problemlərlə maraqlanmışdır.

Sudur və ətraf kəndlərdən gəlmiş 100-dən çox sakinin qatıldığı növbəti görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzəmmədov, icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.

Görüşü giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov kənd insanlarını salamlayaraq qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən ölkə əhalisinin qaldırdıqları problemləri, sakinləri narahat edən sosial məsələlərin həlli diqqət mərkəzində saxlanılır, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzəmmədov çıxışında doğma yurdlarına bağlı, dağ yerinin bütün çətinliklərinə baxmayaraq maldarlıq, əkinçiliklə məşğul olaraq ərzaq təminatına pay qatan kənd sakinlərinə ölkə rəhbərliyinin salamlarını yetirdi.

O, səkkiz min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi ilə bağlı dövlət başçısının 17 aprel 2019-cu il tarixli sərəncamının bu fədakar insanların qayğı və problemlərinin həlli, onların məişət qayğılarının yüngülləşdirilməsi yönündə atılan humanist addım adlandırdı.

Vurğulandı ki, yolun əsaslı şəkildə yenidən qurulmasından sonra ölkənin ən uğcar nöqtəsi olan Sudura gəliş-gediş asanlaşacaq, kənd turizminin inkişafına geniş imkanlar yaranacaq, insanların yaşayış tərzində ciddi irəliləyişlər olacaqdır.

Görüşdə ölkəmizin, rayonumuzun qazandığı uğurlarla yanaşı, rayon mərkəzindən kifayət qədər uzaqlıqda yerləşən bu kənddə həllini gözləyən problemlərindən söhbət açıldı, bəzi istək və arzular, iradlar səsləndi.

Kənd məktəbinin müəllimi Şakir Pənahov elektrik dirəklərinin yenisi ilə əvəz edilməsinə, istismar müddəti bitmiş  xətlərin dəyişdirilməsinə, Çərkəs Sadirov Sudur kəndində yeni tipli məktəb binasının inşasının zəruriliyinə, təqaüdçülərdən Fətəli Hafizov yanacaq odunun tədarükündə əngəllərin aradan qaldırılmasına, Salman Orduxanov Həzrə-Sudur yolunun alfaltlanmasının Sudur kəndinədək uzadılmasının vacibliyinə diqqət yönəltdilər.

Rayon icra hakimiyyətinin başçısı Şair Alxasov səsləndirilən hər bir tövsiyə və müraciətə uyğun olaraq  həmin sahələrə bilavasitə çavabdeh idarə, müəssisə, təşkilat və kənd İƏD üzrə nümayəndəliyi rəhbərlərinə nöqsanların tezliklə aradan qaldırılması üçün xüsusi tapşırıq verməklə yanaşı, öz köməyini də vəd etmişdir.

“Qusar”