Natella İSAZADƏ: ÜRƏYİM HƏMİŞƏ VƏTƏNLƏDİR

uzaqlardakı  yaxınlarımız

Ata ocağı quş yuvasına bənzəyir. Orada daimi qala bilməzsən. Qanad çalmağı   öyrəndinmi, pərvazlanmalı, uçmalısan. Nəhayətsiz mavi ənginliklər, uzaq diyarlar gözləyir bizi. Bütün quşları bilmirəm, qaranquşlar doğma yuvalarını unutmurlar. Hər il doğma eyvanda qurduqları yuvaya qayıdıb yeni nəsil pərvazlandırır bu quşlar.

Minlərlə, on minlərlə həmyerlimiz taleyin qismətilə yer üzünün müxtəlif ölkələrinə səpələnib. Onların çoxu vaxtaşırı ata ocağına dönür, uşaqlıq, gənclik illərinə qayıdır, yeni enerji toplayaraq məskunlaşdıqları diyarlara yola düşür.

Belə ziyalılarımızın əksəriyyəti doğma rayonun yeganə mətbu orqanı olan “Qusar” qəzeti redaksiyasına baş çəkir, bəzən saatlarla qəzetin oxuya bilmədikləri, həmçinin köhnə illərin saylarına göz gəzdirir, təəssüratlarını bizimlə bölüşürlər.

Ötən il qonağımız olan tanınmış alim, filologiya elmləri doktoru, professor Validə İsazadə redaksiyaya ikinci dəfə gənc bir xanımla təşrif buyurdu: “Qızım Natelladı, o da həmkarınızdı”, -dedi.

Sadə geyimli, təvazökar xanım olan Natella bizi doğma ləzgi dili ilə bərabər, azərbaycan və rusca da sərbəst ünsiyyət qurmaq bacarığı ilə təəccübləndirdi. Xüsusilə ləzgi dilində. Mən hələ onun üçün adi olan, mükəmməl bildiyi ingiliscəsini demirəm.

Beləliklə, daha bir həmyerlimizlə, uzaq Kanadanın Vankuver şəhərində yaşayan Natella xanım İsazadə ilə sizi yaxından tanış etmək istəyirik.

 

-Natella, işimi asanlaşdırın: sual verməkdən ötrü səni, yaşadığın ölkəni gərək yaxşı tanıyam. Amma belə deyil. Danışın, sualım yarananda verərəm…

-Yəqin soyadım oxucuya ilk informasiyanı verib: Mərhum polkovnik Oqtay İsazadənin qızıyam. Ana tərəfdən babam Cavid Məmmədovdur. Uşaqlığımın ən gözəl illəri Qusarda keçib. 2 saylı məktəbdə oxumuşam. Gənc yaşlarımdan yazmagı sevərdim. Jurnalist olub sosial məsələləri araşdırmaq arzusunda idim. Orta məktəbi bitirəndən sonra Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika fakultəsinə daxil oldum. Tələbəlik illərindən “Ayna-Zerkalo” qəzetində müxbir kimi çalışmaga başladım.

-Bəs ikinci ixtisası-hüquqşünaslığı öyrənməyə səni nə vadar etdi?

-Müxbirliyin ilk illərində hiss etdim ki, girişdiyim mövzuları, məsələləri daha ətraflı təhlil etmək üçün, onların hüqüqi tərəfinə də baxmalıyam. Ona görə hüquq ixtisası üzrə təhsil almağa qərar verdim- Moskva Dövlət Sosial Universitetinin hüquqşünaslıq fakultəsini qiyabi bitirdim. Ondan sonra ABŞ hökümətinin təqaüdünü qazanmaqla bu ölkənin Nebraska ştatında dövlət idarəçiliyi üzrə magistraturaya girdim.

Bu, həyatımın ən böyük dəyişiklik gətirən illərindən biri oldu. Birdən-birə ailəmdən, illər boyu bağlandığım doğma insanlardan uzaq düşdüm. Bir müddətdən sonra evdən ağır bir xəbər gəldi: sevimli bir insanı-əziz atamı gözləmədiyim bir halda itirdim.

-O kədərli günləri biz də xatırlayırıq. Oqtay müəllimi qəfil itirdik. Torpağı behişt olsun.

-Bu faciəli hadisədan sonra yerli insanlardan gördüyüm mərhəmət, toxtaqlıq mənə böyük mənəvi dəstək oldu. Özəlliklə universitetdə müəllimim olan bir professorun təsəllisini, alicənablığını qeyd etməyə bilmərəm. Özümü toparlayıb çətinlikləri dəf etməyə, dərslərimə davam etməklə kursu müvəffəqiyyətlə başa çatdırmağa nail oldum.

-Xarici təhsil sənə nə verdi, təhsillə yanaşı çalışmalarınız, məşğuliyyətləriniz olubmu?

-Keçdiyim proqram məni menecment sahəsində fəaliyyətə hazırladı. Magistraturanı bitirəndən sonra işə başladım. Amerika Keyfiyyət Üzrə Cəmiyyətinə qoşuldum, keyfiyyət işləri və audit ilə bağlı bir neçə sertifikat aldım.

Bir müddətdən sonra Amerikadan Kanadaya köçmək gərarına gəldim. Təbii, hər iki ölkədə həmvətənlilərimlə yaxın əlaqə saxlamışam. Azərbaycan cəmiyyətlərinin və mədəni mərkəzlərinin tədbirlərinin təşkilində fəal iştirak etmişəm. Hər il mayın 28-də-Respublika Günümüzdə Vankuver şəhərində   keçirdiyimiz bayraq qaldırılma mərasiminə soydaşımızla bərabər, yerli ictimaiyyətin nümayəndələri, sadə kanadalılar toplaşırlar. Bundan əlavə Azərbaycanı türk və Avpora xalqlarının festivallarında təmsil edir, ölkəmizi tanıtmaq üçün digər rəngarəng layihələr həyata keçiririk.

Kanadanın bir sıra şəhərlərində Azərbaycanın tarixi, adət-ənənələri, mədəniyyəti ilə bağlı çıxışlarım, məruzələrim olub. Təəssüf ki, Qərb dünyasında ölkəmiz, regionumuz haqqında çox insanların ətraflı, hərtərəfli və qərəzsiz məlumatları yoxdur.  Ona görə açıqladığım mövzular çox böyük maraqla gəbul olunur. Öz internet səhifəmdə (www.natellaisazada.com) geniş mövzularda məqalələrim çıxır. Onların bəziləri bilavasitə Azərbaycanla bağlıdır. Səhifəmdə çıxan yazılar dünyanın müxtəlif yerlərində oxunur. Məsələn, Azərbaycan Demoktratik Respublikasının tarixi haqqında yazdığım məqaləyə Amerikanın və Avropanın müxtəlif şəhərlərindən çoxlu sayda rəylər gəldi.

-Bununla belə, aktiv jurnalistikadan uzaqlaşdınız…

-Elədir. İyirmi il bundan qabaq ABŞ-a ilk gəldiyimdə jurnalistika ilə məşğul olmağa marağım var idi. Amma fikrimi dəyişdim. İlk növbədə ingiliscəm o zamanlar istədiyim dərəcədə yüksək deyildi. Həm də, ölkədə yeni olduğuma görə amerika oxucularını hansı mövzularla maraqlandıra biləcəyimi ağlıma gətirə bilmirdim.

Hazırda məşğul olduğum sahə çox maraqlı, həm də jurnalistikadan az əhəmiyyətli deyil. Şimali Amerikada Keyfiyyət Təminatının İdarə Olunması, Əmək Sağlamlığı və Təhlükəsizliyi sahələrində fəalliyyət gostərirəm. Şirkətlərin menecment sistemlərinin, iş proseslərinin və istehsal etdikləri malların beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırmasını, eyni zamanda, iş şəraitinin təhlükəsizlik qayda və qanunlarına müvafiqliyini idarə edirəm.

Hazırda kosmosda innovasiya araşdırmaları aparan bir təşkilatda iş proseslərinin təkmilləşdirilməsi və keyfiyyət üzrə audit işlərinə baxan məsləhətçi işləyirəm. Təşkilatların dəvəti ilə biznes konfranslarda liderlik və təşkilati mükəmməlik mövzuları ilə çıxışlarıma davam edirəm.

-Yaxın gələcəklə bağlı planlarınızı açıqlaya bilərsinizmi?

-Çalışdığım sahədə ən aktual məsələlərdən biri Dördüncü Sənaye İngilabıdır. Həmfikirlərimi bir araya yığıb komanda yaratmışam. Bir yerdə-Ümumdünya Keyfiyyət Ayı sayılan noyabrda Vankuverdə innovasiya və biznesin təkmilləşdirilməsi ilə bağlı konfrans keçirtməyi planlaşdırmışıq. Konfransımıza Dördüncü Sənaye İngilabı məsələlərini açıqlayaçaq yüksək səviyyəli ekspertləri cəlb edirik. Eyni zamanda, uzərində işlədiyim məsələlər əsasında müasir təşkilatların liderleri üçün kitab yazıram.

– Bu yaxınlarda beynəlxalq media təşkilatı olan TEDx səhnəsinə spiker seçildiyinizi söyləmişdiniz. İnternetdə TEDx-lə maraqlandım. Həmyerlimizin belə mötəbər səhnəyə çıxışı qürurvericidir. Xahiş edirəm, bu barədə bir az ətraflı danışasınız.

TED- ABŞ-ın Paylaşmaga Dəyər İdeyalar devizi altında fəaliyyət göstərən özəl fondudur. Bu fondun adı Texnologiya, Əyləncə və Dizayn sözlərinə aid abbreviaturadan əmələ gəlib və hər il keçirilən konfranslarına görə tanınıb. İlhamverici, maraqlı və yeni ideyalara, düşüncə və fikirlərə malik olduqlarını düşünən hər bir şəxs ona ərizə-sifariş göndərə bilər. Amma spikerlər müsabiqə yolu ilə seçilirlər. TEDx isə TED lisenziyası ilə fəaliyyət göstərən müstəqil təşkilatdır.

-Məruzənizin məzmunu qısaca anlada bilərsinizmi?

-Çıxışım mərhəmətlilik prinsipi və insanlar arasında ünsiyyət qurmaqla problemlərimizin birgə həlli haqqında idi. Diqqəti uşaqlara, dünyaya gəldikləri andan onların məsumluğuna, saflığına yönəltmək istəyirdim. Hesab edirəm ki, insan, ömrünün ilk illərində pak, səmimi, yalansız olur. Sonralar cəmiyyət, ətraf mühit ona öz qorxu və həyəcanlarını, stereotiplərini təlqin edir, “biz” və “onlar”, “bizimkilər” və “yadlar” kimi ayırıcı, dağıdıcı mentalitet aşılayır. Məhz belə mövqe bəşəriyyətin, insanlığın bəlalı problemidir və o aradan qaldırılmalıdır.

TEDx səhnəsində çıxış etdikdən sonra, insanlara seçimlərinə nail olmaq üçün professional kommunikasiya bacarıqlarını həvəslə tədris edirəm. Həm də şirkətlər üçün məqsədlərinə uygun korporativ treninglər keçirirəm. Gördüyünüz kimi çox maraqlı planlar və layihələr üzərində çalışıram. Hazırda konkret planım olmasa da, nə zamansa Azərbaycana qayıdıb bilik və bacarıqlarımı öz Vətənimizdə həyata yönləndirmək istəyərdim.

-Cavabınızı təxmin etsəm də, soruşmaq istəyirəm: qürbətdə yaşamaq darıxdırıcı deyil ki?

-Açığı, hədsiz! Baxmayaraq ki, qayğılarımız çox, vaxtımız olduqca azdır. 17 yaşında qızım var, incəsənət məktəbində oxuyur. Ona maddi və mənəvi dəstək olmalıyam. Ailəmin boyük hissəsi isə Azərbaycanda yaşayır.

Uzaq ellərdə ömür edənlər Vətəni qəlblərində yaşadırlar. Uzun illərdir ki Azərbaycandan uzaqlardayam. Amma anadan olub boya-başa çatdığım torpağa sevgim heç vaxt tükənməyib, əksinə, illər onu daha da alovlandırıb. Çalışıram hər il Azərbaycana gəlim, doğmalarımla dostlarımla əlaqə saxlayım. Ürəyim həmişə Vətənlədir.

Söhbətləşdi: Vidadi SEVZİXANOV