DAHA İKİ KƏNDİN YOLU ASFALTLANDI

Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, ölkə əhəmiyyətli yolların inşası, mövcudlarının isə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası ilə həm vətəndaşların rahat gediş-gəlişi təmin olunur, həm də ölkəmizin turizm potensialı daha da genişləndirilir.

Dövlət başçısının 17 aprel 2019-cu il tarixli sərəncamı ilə səkkiz min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır.

Artıq yolun yenidən qurulması işlərinə uğurla start verilib. Layihəni icra edən Agentliyin 6 nömrəli Yol İstismarı MMC-nin kollektivi Qusar-Həzrə-Sudur avtomobil trassının giriş yolları olan Cibir və Mucuq kəndləri istiqamətində 3,8 və 5,8 kilometrlik yollarda təmir və yenidənqurma işlərini başa çatdırmaqdadırlar.

Hər iki yolda yolun torpaq yatağı profilə salınaraq genişləndirilmiş, eni 12 metrə çatdırılmış, 24 və 16 santimetr qalınlığında ikiqat çınqıl döşənmiş, hamarlama və kipləşdirmə işlərindən sonra 7 və 5 santimetr qalınlığında asfalt beton döşənmişdir.

Həm Cibir, eləcə də Mucuq istiqamətində gərəkli yerlərdə suötürücü borular qoyulmuşdur.

İdarənin istehsalat mühəndisi Şixkamal Daşdəmirovun əməkdaşımıza verdiyi məlumata görə yolda yenidənqurma təmir işləri yol nişanlarının və avadanlıqlarının, siqnal dirəklərinin qoyulmasından sonra başa çatdırılacaqdır.

Qeyd etmək lazımdır ki, yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə imkan verəcək bu magistralda işin sürətinə və keyfiyyətinə gündəlik nəzarət edən müəssisənin rəhbəri Natiq Mehdiyev başda olmaqla kollektivin bütün üzvlərinin – mexanizatorlardan Əli Əliyevin, Dövlət Bədəlovun, Səbri Hacağayevin, Qaraxan Yunisovun, sürücülərdən Rizvan Abdullayevin, Sərxan İsgəndərovun, Alik Hacıyevin, Şəfaət Harunovun, Telman Məmmədyarovun, baş mühəndis Sabit Rəhimov və iş icraçısı Pərviz Əhmədovun əməyi çoxdur.

Hazırda Qusar-Həzrə-Sudur avtomobil yolunun 30-39 kilometrlərində- Uqur və Böyük Muruq kəndləri ərazisində yolun profilə gətirilməsi, genişləndirilməsi, torpaq yatağının qaldırılması, kəsilməsi işləri görülür.