TÖVSİYƏ VƏ TAPŞIRIQLAR VERİLDİ

Düztahirə gedən yolda ağır texnika-buldozerlər, qreyderlər işləyir, iri tonnajlı yük maşınları ilə Uqur çayından çınqıl daşınmaqla yolun döşəyi möhkəmləndirilirdi. Yol biz yolçular üçün çox narahat olsa da, işin ahəngi, vüsəti içimizdə fərəh, rahatlıq duyğuları baş qaldırdı: yüz illər həsrətində olduğumuz Həzrə-Sudur yolu yenidən qurularaq asfaltlanacaq.

Düztahir kəndinin yeni məktəb binasında keçirilən görüşdə söz alan veteran müəllim Vaqif Həsrətov da çıxışına həmkəndlilərinin həyatında son illər baş vermiş yenilikləri sadalamaqla başladı. Ağsaqqal adı çəkilən yolun yenidən qurulmasına vəsait ayrılması barədə sərəncam imzalayan ölkə başçısına minnətdarlığını ifadə etdi.

Rayon icra hakimiyyəti başçısının tövsiyəsi ilə səyyar görüşdə diqqət çatışmazlıqlara, camaatı narahat edən məsələlərə yönəldildi.

Kənd ağsaqqallarından Sərkər Sərdarov elektrik enerjisi ilə təminatındakı fasilələrdən, istismar müddəti bitmiş  xətlərin, dirəklərin qəzalı vəziyyətdə olmasından, ağsaqqal Abdulmin Nurmətov yanacaq odunun tədarükündə qarşılaşdıqları çətinliklərdən danışdılar.

Eyni gileylər Gican kəndində baş tutan görüşdə Böyükağa İsgəndərovun, məktəb direktoru Təvəkkül Əhmədovun, Etibar Səfərov və Sərvət Fətəliyevin dilindən də eşidildi. Fermerlər həmçinin mineral gübrələrin alınmasında da bürokratik əngəllərlə üzləşdiklərini vurğuladılar.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov elektrik təsərrüfatında köklü dəyişikliklərə ehtiyacı olduğunu, Həzrə-Sudur yolunun yenidən qurulması ilə əlaqədar bir çox elektrik və rabitə dirəklərinin dəyişdiriləcəyini, bu işin kəndbəkənd, növbə ilə görülməsinin planlaşdırıldığını bildirdi. O həmçinin əhaliyə göstərilən tibb və rabitə xidmətinin yaxşılaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, əhalinin maarifləndirilməsi, məktəblərdə səliqə-sahmanın gözlənilməsi, avadanlıqların qorunması ilə bağlı tövsiyələrini çatdırdı.

İcra başçısı əhalinin yanacaq odunla təminatı məsələsinin müvafiq təşkilatlarla araşdırılması barədə tapşırıq verdi.

                            ***

Son vaxtlarda imzaladığı onlarla sərəncamın xalqımızın sağlam həyat tərzinə və sosial rifahının daha da yaxşılaşmasına xidmət edən, uğurlu islahatlar aparan ölkə başçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları insanlara diqqət və qayğı göstərilməsini məmurlar qarşısında ciddi tələb kimi qoymuşdur. Amma bu ərəfədə meşə təsərrüfatı rəhbərliyinin (yaxud Ekoloiya və təbii sərvətlər nazirliyinin) əhalinin yanacaq odunla təminatındakı mövqeyi, qərarları təəccüb doğurur.

Böyük meşə massivlərinə malik, kəndlərinin yarısından çoxunun qazlaşdırıldığı bir rayonda insanları, müəssisələri yanacaq oduna ehtiyacda saxlamaq, soyuqla sınağa çəkmək hansı məntiqə söykənir?

Kənd ailələrinin hər birinə ən azından bir yük maşını odun lazımdır. Azından! Bu, 5 kubmetr odun deməkdir. Düztahirlə Gicanda üst-üstə 700 təsərrüfatda birləşmiş 2500 nəfər əhali yaşayır. 700 ailəyə 5 kubmetrdən hesablansa, 3500 kubmetr oduncaq edir. Amma bu kəndlər üçün cəmi 100-120 kubmetr odun limiti ayırılıb.

Bu ərəfədə odunun hər kubunun əhaliyə satış qiyməti beş dəfə (5 manatdan 25 manata) qaldırılıb,  buraxılış biletlərinin də sentyabrda verilməsi planlaşdırılıb. Bütün bunları vətəndaşa qayğı adlandırmaq olarmı?

Maraqlı məqamlardan biri də odur ki, hamı bu çox da qəliz olmayan “oyunun” mahiyyətini anlayır: heç bir ailə odunsuz qamayacaq, insanlar kimisə, kimlərisə “görməklə”, oğru-doğru yollarla qışın odun ehtiyatını görəcəklər. Amma göründüyü odur ki, vətəndaşları oğruluğa sürükləmək, onları polislə qarşı-qarşıya qoymaq, bilərəkdən qanunların sərtlikləri ilə üzləşdirmək kiməsə lazımdır. Regionda onlarla, bəlkə yüzlərlə belə hadisənin şahidi olmuşuq. Məgər bunu qanunla, ədalətlə, insanpərvərliklə etmək olmazmı?  Görünür kimlərəsə bu, sərf etmir. El arasında nahaqdan deylmir ki, “meşəni meşəçilərdən qoruyun!”

Bu dövlətin yeraltı, yerüstü sərvətləri bu xalqa məxsusdur. İnsanlar normal şəraitdə yaşamalı-evlərini qızdırmalı, xörəklərin bişirməli, övladlarını məktəbə yollamalı, məclisələrini yola verməlidirlər. Bu, onların yaşam haqqıdır! Ona görə qazlaşdırılmamış kəndələrin əhalisi təcili, payız girməmiş, qar düşməmiş yanacaq odunla təmin olunmalıdır!