Kimin qələbəsi daha qiymətlidir:

Kimin qələbəsi daha qiymətlidir:

qaradərili boksçunun, yoxsa qusarlı şahmatçının?

Qusar idmanından söhbət gedəndə adətən güləşdən, futboldan, cüdodan, taekvandodan, qol güləşindən… fəxarətlə danışırlar.Yəni dağ adamlarıdırlar, güclü, qoluzorlulardır. Doğrudan da sadalanan növlərdə olimpiya, dünya, Avropa, ölkə çempionlarımız var. Amma qusarlılar zəka, düşüncə tələb edən şahmat, dama oyunlarında da fərqləniblər. Vaxtilə şahmat üzrə müntəzəm yarışlar keçirilər, zəka sahiblərimiz ölkə, ittifaq səviyyəli yarışlara qatılardılar.

2012-ci ildə açılışına ölkə başçısı cənab İlham Əliyev də qatılmaqla rayonumuzda şahmat məktəbi bərpa olundu. Tanınmış şahmat mütəxəssisi Həbib Ağalarovun rəhbərliyi altında az vaxtda mühüm nəticələrə imza atıldı. Hazırda burada  7 qrupda 60 nəfər məktəbli bu qədim oyunun sirlərinə yiyələnir, ustalıqlarını artıtırır.

Bununla belə şahmat məktəbinin statusu hələ də müəyyən olunmayıb. Ölkədə fəaliyyət göstərən belə məktəblərdə 15-20, hətta 30 nəfər müəllim və məşqçi çalışdığı halda, bizdə onların sayı cəmi 2 nəfərdir.  Qəzetimiz bu mövzuya artıq toxunub: maliyyə mənbəyi olmadığından şahmatçılarımız səfər yarışlarına qatıla bilmirlər (“Şahmatçılarımız daha mötəbər yarışlara hazırdırlar”, “Qusar”, 4 avqust 2016-cı il ).

Perspektivli və ümidverici yeniyetmə olan Aydın Şahpələngov bu il Moskvada keçirilən “Open-Elita” turnirinə vəsiqə qazanan iki şahmatçıdan biri olsa da, şimal dövlətinin paytaxtına uçmağa yolpulu tapa bilmədi.

2013-cü ildən bəri Qusar Şahmat Mərkəzində bu qədim oyunun sirlərini öyrənməyə başlamış Aydın 2014-cü il rayon birinciliyində III, 2015-ci ildə II, 2016-cı ildə I yeri tutmuşdur. Fuad Cəfərovun xatirəsinə həsr olunmuş Bakı turnirində 14 yaşadək iştirakçılar arasında I, 2017-ci ildə keçirilmiş Uşaq-Gənclər Şahmat Məktəbləri komandalarının respublika birinciliyinin zona yarışlarında III yerin sahibi olmuşdur.

1853 əmsalla FİDE  sıralamasına qatılmış həmyerlimiz bu ilin mayında keçirilmiş respublika birinciliyində 14-16 yaşadək oğlanlar arasında II yeri tutmaqla Avropa çempionatına vəsiqə qazanmışdır.

Bir fakta diqqət yetirin: ölkədə yuxarıda qeyd etdiyimiz 15-20, hətta 30 nəfər müəllim və məşqçinin çalışdığı şahmat məktəblərinin sayı 60-dan çoxdur. Ancaq Avropa çempionatına iki vəsiqədən birini Moskvaya uçmağa yolpulu tapmaayan Qusar şahmatçısı qazanır! Özü də çempionu (birinci yerin sahibini) da məğlub etməkəl!

Turnirlər, xüsusən də beynəlxəlq yarışlar hər bir yeniyetmə şahmatçı üçün təcrübənin, ustalığın artırılması baxımından olduqca vacibdir. Aydın Şahpələngov avqustun 1-dən 11-nə kimi Slovakiyada keçiriləcək Avropa birinciliyinin 14-16 yaş qrupunda mübarizə aparacaq. Əgər imkan yaradılsa,  iş adamlarımızdan, xeyriyyəçilərimizdən həmyerlimizə və onun məşqçisinə kömək əlini uzadan tapılsa. Hələliksə, Aydın 10-22 iyulda Qaxda keçiriləcək respublika şahmat olimpiadasına hazırlaşır.

P.S. Bu günlərdə mətbatda “Boksçumuz erməni idmançısını məğlub etdi” başlıqlı yazı oxudum. “İdmançımız” nədənsə qara irqdən idi. Görəsən onun (Lorenzo Sotomayor)  qələbəsinin ölkəmizin idman imicinə, Vətənimizdə boksun inkişafına nə qədər təsiri var?

Qusar Bakıdan 170 kilometr uzaqlıqdadı. Bizcə açılış mərasimində möhtərəm Prezidentimiz İlham Əliyevin də iştirak etdiyi, ölkə başçısının xeyir-dua verdiyi bir məktəbin statusunun müəyyən olunması, maliyyə probleminin həlli bir qaradərili boksçunun qələbəsindən daha önəmlidir. Rayon təhsil şöbəsi, rayon gənclər və idman idarəsi məsələnin həlli istiqamətində tədbirlər görməli, nazirliklər qarşısında məsələ qaldırmalıdır. Təkrar edirik: söhbət təkcə şahmatdan deyil, gələcəyimiz olan uşaqlardan, ümidimiz olan gənclərdən gedir.