O, xilaskarlıq missiyası ilə qayıtdı

15 İyun-Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri

Bayram tədbirində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kollektiv üzvləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

İcra başçısı Heydər Əliyev Mərkəzindəki meydanda ulu öndərin əzəmətli abidəsi önünə çiçəklər düzdükdən sonra ümümxalq ziyarəti başlanmışdır. Qusarlılar gül-çiçək dəstələri ilə Azərbaycan xalqının böyük xilaskarı, vətənpərvər Heydər Əliyevin Vətənimizin azadlığı və dövlətçiliyimizin xilası yolunda göstərdiyi tarixi xidmətlərinə dərin hörmət və ehtiramını ifadə etmək üçün onun abidəsini gül-çiçək dəstələri ilə ziyarət etmişlər.

Həmin gün Heydər Əliyev Mərkəzində də qələbəlik olub. Tədbir iştirakçıları oradakı eksponatlara bir daha tanış olublar.

Tədbir şəhərimizin general Mahmud Əbilov adına mərkəzi meydanında bayram konserti ilə davam edib. Burada çıxış edən  Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, partiyanın rayon təşkilatının sədri David İbramxəlilov vurğulamışdır ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi XX əsrin böyük dövlət xadimi, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Mərhum prezidentin adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət, sədaqət meyarı olmuşdur.

Partiya yetkilisi vurğulamışdır ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi sözün əsl mənasında siyasi qayıdış idi. Bu parlaq dühanın xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtuldu. Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, qətiyyəti və dövlətçilik istedadı sayəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi.

Bayram tədbirinin iştirakçıları respublika və rayon incəsənət ustalarının iştirakı ilə böyük bayram konsertini izləmişlər.