Yaxşıki doğuldun, yaxşıki varsan

Enişli-yoxuşlu mərhələləri olan bir ömür yolu  keçən babamın 80 illik yubileyi ilə bağlı söz demək, övlad məhəbbətimi ifadə etmək istəyirəm.

1939-cu il iyunun 15-də rayonumuzun gözəl, füsunkar dağətəyi kəndi olan Düztahirdə Qocağayevlər ailəsində dünyaya göz açan oğlan uşağına babasının, mənim ulu babamın şərəfinə Qocağa adını qoydular.

Tale onun, yaşıdlarının qismətinə sərt, mərhumiyyətlərlə dolu müharibə illərinin uşaqlığını yazsa da, el bir olub duruş gətirməyi, qalib gəlməyi, hər şeyi yenidən qurmağı bacardılar.

Doğulduğu kənddə orta məktəbi bitirərək təhsilinə davam etmək üçün Bakıya gələn Qocağa Səfər oğlu 1956-cı ildə radist-kinomexanik ixtisasına yiyələnir və doğma Qusara qayıdaraq 1958-60-cı illərdə rayon kinofikasiya idarəsində kinomexanik işində çalışır.

Hərbi xidmətini başa vurduqdan sonra dövlət pedaqoji institutunun fizika və ümumi texniki fənlər fakultəsini müvəffəqiyyətlə bitirərək doğma Qusara qayıdır.

Pedaqoji fəaliyyətinə 1970-ci ildən Avaran kəndində başlayan babam, 1976-cı ilə kimi həmin kənddə müəllim kimi çalışıb. Daha sonra bir müddət Qusar şəhər 1 saylı tam orta məktəbində pedaqoji fəaliyyətini davam etdirmiş, 1979-cu ildən nazirliyin əmri ilə rayon təhsil şöbəsində inspektor (indiki məsləhətçi) vəzifəsinə təyin olunmuşdur. 2011-ci ilə kimi burada inspektor, baş inspektor, metodist kimi çalışaraq ömrünün 41 ilini ancaq pedaqoji sahəyə həsr etmiş, nə qədər ixtisaslı kadrların yetişməsində, ixtisas müəllimlərinin istiqamətləndirilməsində var-qüvvəsini əsirgəməyən Qocağa müəllim hazırda biz nəvələrin əhatəsində ömrünün ahıl çağlarını yaşayır.

Baba haqqında danışarkən “müəllim” ifadəsini işlətməyim sizlərə qəribə gəlməsin: o bizim həm də ilk müəllimimiz, qayğıkeşimiz, yol göstərənimiz olub.

Sadə, amma şərəfli peşəsi ilə həmişə qürurlanan Qocağa müəllim bacarıqlı, savadlı təhsil işçisi olmaqla yanaşı, həm də qayğıkeş ailə başçısı, ata, mehriban baba, səmimi dost, geniş qəlbli insandır. Ömür-gün yoldaşı Elmira xanımla 4 övlad böyüdüb boya-başa çatdıran Qocağa müəllimin 9 nəvəsi var ki, onlardan 6-cı ali təhsilli mütəxəssis, 3-ü isə orta məktəb şagirdidir.

Əziz babamız, canımız bütün ailəmiz adından, xüsusən də nəvələrin adından Sizi 80 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, kamilliyin və müdrikliyin axarınca olsun deyirik. Arzu edirik ki, 100 illiyinizi qeyd edək.

Yaxşıki doğuldun, yaxşıki varsan,

Sən ayrı həyat, ayrı dünyasan.

Ürəkdə çırpınan mətin vüqarsan,

Baba, ad günün mübarək olsun!

Sizə həyatın ən gözəl nemətlərindən olan cansağlığı, övlad və nəvələrinizlə xoş ömür diləyi ilə nəvəniz:

  Faina Qocağayeva,

ADPU-nun IV kurs tələbəsi