Həyatını xalqına, Vətəninə bəxş etmiş insan

Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı mərasim keçirilmişdir.

Heydər Əliyev Mərkəzinin önündə ümummilli liderin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülmüşdür. Tədbirdə Qusar RİH-nin başçısı Şair Alxasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatlarının kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Mərasim iştirakçıları qarşısında çıxış edən Qusar RİH-nin başçısı Şair Alxasov dahi liderin həyat və fəaliyyəti haqqında danışmışdır. Natiq qeyd etmişdir ki, bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.

Bu gün ulu öndərin daxili və xarici siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran rayon rəhbəri son illərdə ölkəmizin iqtisadi qüdrətinin yüksəldiyini və möhkəmləndiyini xüsusi qeyd etmişdir.

Rayonun incəsənət ustalarının ifalarında səslənən musiqi əsərləri və şeirlər maraqla dinlənilmişdir.