Onların rəşadəti örnək, nümunədir

Mayın 9-da şəhərimizin general Mahmud Əbilov meydanında, görkəmli sərkərdənin büstü və qəhrəman həmyerlilərimizin şərəfinə yaradılmış abidə kompleksinin önündə faşizm üzərində tarixi Qələbənin 74-cü ildönümü münasibətilə təntənəli mərasim keçirildi.

Bu ölüm-dirim savaşı səngərlərinə Qusardan 10125 nəfər yola düşmüş, onlardan ancaq 6095 nəfəri geri qayıtmışdır. Təəssüf ki, indi onlardan sağ-salamat qalan 3 nəfərinin sağlamlıq durumu da tədbirdə iştirak etməyə imkan verməmişdir. Bununla belə, mərasimə onların əvəzinə övladları-ön cəbhədə vuruşanlardan heç də az məşəqqətlər çəkməmiş müharibə illərinin uşaqları, nəvə və nəticələri qatılmışdılar.

Qusar RİH-nin başçısı Şair Alxasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, silahlı qüvvələrin və əmək cəbhəsinin veteranları, rayon ictimaiyyətinin nümayəndələri öncə generalın büstü, abidə kompleksinin önünə tər çiçək dəstələri qoyaraq müharibədə həlak olmuş qusarlıların xatirəsini ehtiramla yad etmişlər.

Veteranların ailə üzvləri, əmək cəbhəsinin veteranları, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Qusar RİH-nin başçısı Şair Alxasov onları bayram münasibətilə təbrik etmiş, hər bir gəncin veteranlarımızın qəhrəmanlıq nümunələrindən, əmək fədakarlığından özü üçün nümunə götürməli olduğunu söyləmiş, onların rəşadətinin bugünkü və gələcək nəsillər üçün örnək, məktəb, təcrübə mənbəyi olacağına inandığını bildirmişdir.

Şəhər parkında bayram konserti təşkil olunmuş, silahlı qüvvələr və əmək cəbhəsi veteranları üçün bayram süfrəsi açılmışdır.

                                                                                “Qusar”