Müraciətlərin həlli təmin olunacaq

 Qusar RİH-nin başçısı Şair Alxasov Əniğoba, Qalacıq, Urva, Çiləgir və Köhnə Xudat Qazmaları kəndlərində sakinlərlə görüşmüşdür.

Rayon icra hakimiyyətinin başçısı Şair Alxasov Prezident İlham Əliyevin son vaxtlarda imzaladığı onlarla sərəncamın xalqımızın sağlam həyat tərzinə və sosial rifahının daha da yaxşılaşmasına xidmət edən uğurlu islahatların davamı kimi dəyərləndirmişdir.

O, həmin sərəncam, qərar və fərmanlar barədə açıqlamalar verdikdən sonra vətəndaşların arzu, istək, problem və sosial-məişət qayğıları ilə maraqlanmışdır.

Kənd sakinləri səlahiyyətli şəxlərin vətəndaşların problem, müraciət, arzu və istəkləri ilə bilavasitə yerində maraqlanmaq kimi iş prinsipini bəyəndiklərini, bunun vaxta, məsrəflərə qənaət etməyə imkan verdiyini vurğulamış, insanlara diqqət və qayğının bu formatda həyata keçirilməsini məmurlar qarşısında ciddi tələb kimi qoymuş ölkə başçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına səmimi minnətdarlıqlarını bildirmişlər.

Bununla yanaşı onlar yaşadıqları kəndlərdə bəzi problemlərinin üzərində də dayanmışlar.

Əniğoba.Təqaüdçü Ağarəhim Şirinov yay mövsümündə suvarma suyu ilə təmin olunmasında yaranan çətinliklər, fərdi təsərrüfatçı Kəmaləddin Abdulkərimov kənddaxili yolların təmiri, kənd məktəbinin təsərrüfat müdiri İkraməddin Əliyev təhsil ocağının istilik sisteminin qaz xəttinə qoşulması, İkraməddin Məmmədov istismar müddəti bitmiş elektrik dirəklərinin yeniləri ilə əvəz edilməsi və 1 ədəd əlavə transformatorun quraşdırılması, Sultanmurad Xəncəlov artezian quyusundan Xuluqoba kəndinə içməli su xəttinin çəkilməsi barədə müraciətlərini diqqətə yönəltmişlər.

Urva. Kənd məktəbinin direktoru Şahmalı Qurbanov Çiləgir-Urva kəndlərarası asfalt örtüklü avtomobil yolunun təmiri, təqaüdçü Rakif Əlimov daxili elektrik hava verilişi xəttlərinin sallanmış nagillərin təmiri, Səidə Bağışova qazlaşdırılmamış evlərinin qazlaşdırılması, təqaüdçü Şahabbas Vəlibəyov içməli suya olan təlabatının ödənilməsi məqsədilə Cağar-Cibir kanalından əlavə xəttin çəkilməsi barədə müraciətlərlə çıxış etmişlər.

Köhnə Xudat Qazmaları. Kənd məktəbinin müəllimi Fərzəli Yusufov əlavə artezian quyusunun qazılması, təqaüdçü Famil Abdullayev istismar müddəti bitmiş elektrik dirəklərinin yeniləri ilə əvəzlənməsi, mədəniyyət işçisi Xuraman Xamətova yeni EATS-nin quraşdırılması barədə müraciətlərini səsləndirmişlər.

Qalacıq. Təqaüdçü İkraməddin Şixrəhimov kəndə gələn magistral suvarma su arxının betonlaşdırılmasının, müəllim Hacıkərim Əzizov istismar müddəti bitmiş elektrik dirəklərinin yeniləri ilə əvəzlənməsinin, əlavə transformatorun quraşdırılmasının, Azər Pirmuradov yeni salınmış yaşayış məhəllələrinin qazlaşdırılmasının, Qadimulla bu məhəllələrə telefon xəttlərinin çəkilməsinin zəruriliyini diqqətə çatdırmışlar.

Qaldırılan məsələlər, səsləndirilən müraciətlərlə bağlı müvafiq təşkilat rəhbərlərinin, mütəxəssislərin rəyləri dinlənilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Şair Alxasov bütün təklif, irad və müraciətləri nəzərə alaraq onların qısa zaman ərzində həlli istiqamtində əməli işə keçməkdən ötrü əlaqədar təşkilatların rəhbərlərinə müvafiq göstərişlər vermişdir.

                                     “Qusar”