Qəsəbə məktəbində görüş

Samur qəsəbə tam orta məktəbində Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniya və erkən nikahların fəsadları, onların profilaktikası” mövzusunda tədbir keçirilmişdir.

Gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomaniyanın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, habelə erkən nikahın yaratdığı fəsadlar barədə gəncləri daha geniş məlumatlandırmaq məqsədi ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin, polis şöbəsinin əməkdaşları, təhsil işçiləri, ictimaiyyət nümayəndələri, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbirin iştirakçılarını salamlayan 482 şagirdin biliklərə yiyələndiyi bu  təhsil ocağının direktoru Yaşar Behbudov bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın, erkən nikah və dini radikalizmin təhlükəli fəsadlarına qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını söyləmişdir.

Bu istiqamətdə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu deyən məktəb direktoru belə halların qarşısının alınması üçün tez-tez maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini, bu işdə ailənin və təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyət düşdüyünü də vurğulamışdır.

Qusar Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ziya Əliyev bu bəlaya düçar olanların  çox vaxt potensial cinayətkarlara çevrildiklərini vurğulayıb. O bildirib ki, narkomaniya və gənclərin erkən nikaha cəlb olunması ilə hər kəs mübarizə aparmalı, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etməlidir.

Qusar RPŞ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru, polis kapitanı Taleh Şahverdiyev, Qusar RİHB-Samur Qəsəbə İƏD-nin nümayəndəsi Elxan Babayev, qəsəbə sahə xəstəxanasının baş həkimi, respublikanın Əməkdar həkimi Nəriman Osmanov narkomaniya və erkən nikahın fəsadları barədə ətraflı çıxış edərək cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, həmçinin insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan bu təzahürlər barədə bilgi və məlumatlar, eləcə də dəyərli məsləhətlər veriblər. Çıxışçılar təhsil müəssisələrində belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək, şagirdləri bu cür həssas mövzulara diqqətlə yanaşmağa, verilən dəyərli tövsiyələrə əməl etməyə çağırıblar.

Sonda mövzu iələ bağlı sənədli film göstərilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.