SÖZƏ, SƏNƏTƏ MEYİLLİ…FİZİK

Tanınmış alim, nüfuzlu ziyalı, publisist Benyaməddin Davudovun 80 yaşı tamam oldu.

1939-cu il bahar fəslinin ilk ayının son günü, 31 mart Hil kəndində Bəyağa kişinin ailəsində dünyaya göz açan oğlan uşağına bir neçə ad təklif olunsa da, Bəyağa kişi Benyaməddin adı ilə razılaşmışdı. Yəni, “haqq, ədalət yolçusu”.

İlk bahar carçısı olan qaranquşlar qayıtmış, təbiət gül-çiçəyə bürünmüşdü. Heç kəsin ağlına gəlməzdi ki, qabaqdan insanları səfalətə, aclığa, mərhumiyyətlərə sürükləyəcək ikinci cahan müharibəsi gələcək…

Müharibənin, sonrakı bərpa illərinin ağırlıqları Davudovlar nəslinin taleyinə də təsirsiz ötüşmədi. “Elnən gələn dərd toy-bayram olar”- misalı nahaqdan yaranmayıb. Balaca Benyaməddinin qayğısız uşaqlıq illərində elə bil müharibə, aclıq olmamışdı. O da bütün kənd uşaqları kimi “qarğı at” minir, güllü-çiçəkli çəmənlərdə qoyun-quzu otarır, meşədən odun gətirir, bir sözlə, müharibə, onun yaraları, əzabları ilə “müharibə aparır”, cəbhədən dönməyən ataların, əmilərin, dayıların… ümidlərini doğrultmağa çalışırdılar. O illərin bütün uşaqlarının, yeniyetmələrinin ən böyük amalı, arzusu oxumaq, mühəndis, aqronom, müəllim, alim… olmaq idi. Benyaməddin bütün məişət qayğılarından sonra, gecədən keçənədək, bəzən səhərədək çalışar, mütaliəni də unutmazdı.

Kənd orta məktəbini bitirdikdən sonra 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olan hilli gənc, oranı müvəffəqiyyətlə başa vuraraq, ümumittifaq elektromexanika institutunun Moskva vilayətinin İstra şəhərindəki filialında aparıcı muhəndis işləmişdir. 1965-1969-cu illərdə Belarus Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş, 1969-cu ildə orada namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır.

Taleyini bitirdiyi Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsi ilə bağlayan alim 1970-ci ildən bəri bu elm ocağında çalışır. Fiziki elektronika kafedrasının dosenti olan Benyaməddin Davudov radiofizika, radioelektronika, fiziki elektronika və elektromaqnitizmdən  mühazirə və laboratoriya dərsləri aparır. O, eyni zamanda, 2017-ci ilə kimi universitetin elmi laboratoriyalarında aparıcı elmi işçi kimi də çalışmışdır.

Benyaməddin müəllimin elmi tədqiqatları plazma, ozon texnologiyalarına və ekologiya problemlərinə həsr olunmuşdur. 150-dən artıq elmi məqalənin, 6 kitabın və 4 patentin müəllifi olan həmyerlimiz onlarla elmlər namizədin, magistrin dissertasiya və çoxlu bakalavrların buraxılış işlərinin rəhbəri olmuşdur.

Benyaməddin Davudovun ixtiraları fizikanın, texnikanın və ekologiyanın müxtəlif sahələrinə aiddir: 1964-cu ildə etdiyi ixtirada plazma muhərriki təklif olunmuşdu. 2000-ci ildə aldığı patentlər içməli suların zərərsizləşdirməsinə, 2008-ci ildəki patent isə çirkab sularının təmizlənməsinə həsr olunub. Bu qurğular MEA-nın Təcrübə Sənaye Zavodunda  sınaqdan çıxarılıb və ixtisasçılar tərəfindən yüksək qiymətləndirilib.

Benyaməddin müəllim çoxsaylı beynəlxalq və respublika elmi konfranslarında məruzələrlə çıxış etmişdir. Onun müəllifliyi ilə buraxılan “Radioelektronikanın əsasları”, “Radioelektronikadan laboratoriya işləri”, “Radiofizika praktikumu”, “Radiofizika” kimi dərs vəsaitləri bakalavr və magistraturada təhsil alan tələbələrin stolüstü kitablarına çevrilmişdir. O, həmçinin oxucuların rəğbətlə qarşıladıqları “Qusarın şanlı övladları” kitabının həmmüəllifidir.

Ömrünün 80-ci baharında biz də Benyaməddin Davudovu ürəkdən təbrik edirik, ona həyatda ən şirin nemət olan can sağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayırıq.

Bəybala Ələsgərov,

Beynəlxalq Nobel İnformasiya Mərkəzinin

vitse-prezidenti, elmlər doktoru

           ***

Benyaməddin müəllim fərqli düşüncə tərzinə malik olan alimlərimizdəndir. Uşaqlıq, gənclik illərindən mütaliəyə, söz sənətinə meyl salan həmyerlimiz cəmiyyətimizdəki bəzi qüsurlara özünəməxsus yumşaq və orijinal yumorla yanaşır. Onun bu xüsusiyyəti son vaxtlar dərc etdirdiyi “Düşüncələr, təzadlar, aforizmlər” kitabında aydın gorünür.

Bunlardan bəzilərini oxucuların diqqətinə çatdırırıq:

 

* Pul “əl çirki” sayılsa da, onu əldə etmək üçün bəzi insanlar istənilən cür çirkli əməllərə getməyə hazırdırlar…

* Həqiqət və yalan biri-birinin əksi olsa da, oxşar cəhəti də var; nə vaxt isə onların üstü açılacaq. Bunlardan hansısı qabaq açılacaq, onu deyə bilmərəm; o asılıdır cəmiyyətin yetkinliyindən və saflığından.

* İnsanlar biri-birindən düşünmə qabiliyyətinə görə fərqlənirlər. Qalan əlamətlər, demək olar ki, eynidir.

* Çox yaşamaq istəyirsənsə, vərdiş olduğun həyat tərzini qəfildən dəyişmə, xüsusilə ahıl yaşlarında… Orqanizm bu cür dəyişməyə dözə bilmir və vaxtsız sıradan çıxır.

* İnsanlarda nastalgiya hissləri o qədər güclüdür ki, keçmişin pisini də indi yaxşı kimi görür.

*Yaşlı nəsil gələn gənc nəsl üçün çoxlu həll olunmamış problemlər qoyub gedir. Çox təəssüf…

* İnsan ölüm haqqında çox düşündükcə, ölüm ona bir addım da yaxınlaşır.

*Valideynlər xərc çəkib övladlarını müxtəlif universitetlərdə oxutdururlar, uiversitetlər də öz növbəsində onları kursdan kursa keçirir, sonda da bir yekə diplom verərək yola salır. Diplomlu gənc böyük arzularla həyata atılır, lakin heç yerdə diplomuna uyğun iş tapa bilmir… Çünki diplomlu, lakin savadsız kadr indiki zamanda heç kəsə lazım deyil. Bəzilər ruhdan düşüb özünə qapanır, bəzilər də özündə mənəvi güc tapıb xırda-mırda biznesə başlayır. Kimdir müqqəssir? Burada kim qazanır, kim itirir?..

*Bir alimin başında ki, həmişə pul problemi fırlanır, gününü onun-bunun pulunu hesablamaqla keçirir, ondan heç vaxt dəyərli elmi iş gözləmə!..

* Çox istərdim ki, yalnız müəllimlərə, “MÜƏLLİM”- deyə müraciət edilsin… Qalan vətandaşlara bəy, ağa, atam, anam, qardaş, bacı, ağsaqqal, gənc oğlan, cavan qız və s. və i. a. kimi müraciət  etsək, onlar, inciməzlər…

* İndiki zamanda baş yalnız futbolda lazım gəlir, o da, topu qapıya vurmaq üçün…

* Görəsən, indiki müdirlər, rəislər bu dünyadan o biri haqq dünyaya köçəndə də öz statuslarını saxlaya biləcəklər?..

* Hazırda adamlar bir-birinə pul mənbəyi kimi baxırlar; hamı hamını aldadıb nəsə çırpışdırmaq həvəsindədir…

* Həyatda ən ağır yük ürəkdə kin-küdarət daşımaqdır.

* Dəyərlər dəyərsizləşir, mənəviyyat azalır, dindarlar dinsizləşir, böyüklər kiçilir, rəhbərlər adiləşir, heyvanlar ağıllanır, insanlar keyləşir, əxlaqsızlıq baş alıb gedir, planetimiz çirklənir, iqlim pisliyə doğru dəyişir, cəmiyyətimizdə tarazlıq pozulur… Sən bizi hara aparırsan, a dünya?..

* Pul çox etibarsız  bir şeydir. İstənilən gözlənilməz bir anda sizi tərk edə bilər.

* Xoşbəxtliyi xoşbəxtlik olmayan yerdə axtarmaq, qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir.

* İnsanın düşüncələri savadından başqa, yediyi ərzağın keyfiyyətindən də asılıdır.

* Başı boş insan içi boş torbaya bənzəyir. Fərqi ondan ibarətdir ki, boş torbanın içini doldurmaq olur, insanın boş başını isə yox.

* Hər yerdən vaxtında getmək vacibdir; toydan, qonaqlıqdan, hüzrdən, hətta bu dünyadan da…

* Qan tökməkdən uzaq ol, çörək verən ol. Çörək iyi insanda müsbət emosiyalar, qan iyi isə mənfi emosiyalar yaradır.

*Çox vaxt insanın xasiyyəti onun taleyini həll edir.

* Hazırda ən qiymətli diplom insanlıq diplomudur, saxta alimlik diplomu yox.

* Bəzi alimlər, şairlər, yazıçılar gecə-gündüz zəhmət çəkib ərsəyə gətirdikləri əsərlərini dost-tanışlarına hədiyyə etməkdən çox məmnun olmaqda yanılırlar. Çünki indiki zamanda vətəndaşlarımız  oxumaqla məşğul olmaq vərdişini tamamilə itiriblər…

*İndiki tələbələr keçilən dərslərin məzmununu yox, müəllimin səhvlərini və geyimini yadda saxlayırlar.

* Çox danışmaq xəstəlikdir, heç danışmamaq nöqsan. Çox bilib az danışmaq isə insana şərəf gətirir.

* Musiqi var adamı müalicə edən, musiqi də var adamı öldürən. Toylarda musiqiçilər yediyimizi burnumuzdan tökdürürlər. Məlumdur ki, 120 desibeldən böyük çalğı səsi artıq xəstəlikdir. Nağaranın səsi isə bu həddi çox aşır.

*Onun sadəlövhliyindən hamı faydalanır, özündən başqa…

*Borc alıb qaytarmamaq oğruluğun mədəni formasıdır.

*Hələ ki, problemsiz insan doğulmayıb. İnsan problemlərilə birlikdə doğulur.

*Həyatda boşuna vaxt öldürmək, öz ölümünü tezləşdirmək deməkdir.

*Ha yana baxırsan hər şey bahadır, görülən işin dəyərindən başqa…

*Çox qəribə bir zəmanədə yaşayırıq: kim müəllim olmaq istəyirsə olur, kim həkim olmaq istəyirsə olur, kim mühəndis olmaq istəyirsə olur, kim ALİM olmaq istəyirsə o da olur. Amma savadlı müəllim, peşəkar həkim, işini bilən mühəndis və istedadlı alim axtaranda ortada vur-tut beş-altı nəfər qalır…