Səfərbərliyə həmişə hazır qurum

Fevralın 13-də Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.

Tədbirin iştirakçıları əvvəlcə Heydər Əliyev Xatirə Kompleksini ziyarət edərək ulu öndərin abidəsi önünə gül-çiçək qoymuşlar.

Mərkəzin iclas salonunda keçirilən yığıncaqda çıxış edən SHXÇDX Qusar Rayon Şöbəsinin rəisi Nicat Həsənov qurumun yaranması, inkişafı və fəaliyyəti barədə  məruzə ilə çıxış etmişdir. Vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması ilə vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı və digər bu kimi məsələlərin həllində əhəmiyyətli rol oynayıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasından cəmi 7 il keçməsinə baxmayaraq uğurlu nəticələr əldə olunub, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib.

RİH başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Mustafayev kollektivi əlamətdar gün münasibətilə təbrik etmiş, rayonda yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi işində uğurlar diləmişdir.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, partiyanın rayon təşkilatının sədri David İbramxəlilov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Canəli Hörmətov xidmətin rayon şöbəsinin şəxsi heyətini ildönümü münasibətilə təbrik edib xoş arzularını çatdırmışlar.

Xidmətdə fərqlənənlərə fəxri fərmanlar, hədiyyələr təqdim olunmuşdur.