Təklif və iradlara həssaslıqla yanaşıldı

Fevralın 15-də Qusar RİH-nin başçısı Şair Alxasov Aşağı İmamqulukənd kəndində sakinlərlə səyyar qəbul-görüşlər keçirmişdir.

Aşağı İmamqulukənd. 142 təsərrüfatda birləşmiş 700 nəfərə yaxın sakinin ömür sürdüyü bu         yaşayış məntəqəsi rayonumuzun abad, əhalinin gün-güzəranı üçün əlverişli şəraiti olan kəndidir. Görüş zamanı çıxış edən kənd məktəbinin direktoru Vaqif Quliyev bunu xüsusi olaraq qeyd etdi, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının yeritdiyi uğurlu daxili və xarici siyasəti böyük şövqlə dəstəklədiklərini, ölkəmizi daha firavan və xoş günlər gözlədiyini vurğuladı.

Kənd sakinləri qazanılan uğurları, ürəkaçan faktları alqışlamaqla yanaşı, öz həllini gözləyən bir sıra məsələlərə də toxunmuşlar. Məktəbin direktoru çıxışını torpaq arxlarında su itkisinin çox olduğunu, onların daha uzunömürlü beton örtüklü arxlarla əvəzlənməsi təklifi ilə bitirmişdir. Təqaüdçülər Məhəmsaleh Qaflanov və İsgəndər Xalıqov yeni artezian quyusunun qazılmasını, su çəninin təmirini, Razif Balabəyov Quxuroba-Şirvanlı yolunun asfalt örtüyünün təmirini, Həsrət Alxasov yeni salınmış məhəllələrdə elektrik enerjisinin zəifliyini, yeni transformatorun quraşdırılmasına zəruriyyət olduğunu, kənd məktəbinin müəllimi İlham Alxasov kənddə EATS-nin tikintisini, rabitə və internet xidmətinin təşkilinin vacibliyini dilə gətirmişlər.

Təsərrüfatçı Məhsim Ağakişiyev isə ona məxsus pay torpağında salınmış meyvə bağına ziyan vurulduğunu, bu ziyanın günahkar şəxsin hesabına ödənilməsində kömək göstərilməsini xahiş etmişdir.

Qaldırılan məsələlərlə bağlı müvafiq təşkilat rəhbərlərinin rəyləri dinlənilmiş, imkanlar götür-qoy edilmişdir.

Səyyar qəbul-görüşdə səsləndirilən hər bir tövsiyə və müraciətlərə uyğun olaraq Qusar RİH-nin başçısı Şair Alxasov həmin sahələrə bilavasitə çavabdehlik daşıyan idarə rəhbərinə nöqsanların tezliklə aradan qaldırılması üçün tapşırıq vermiş, çətinliklə üzləşəcəkləri halda öz köməyini də təklif etmişdir.