YEKUNLAR VƏ YENİ VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNDU

Fevralın 14-də rayon mədəniyyət sarayında Qusar RİH başçısı yanında şuranın geniş iclası keçirilmişdir.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzəmmədovun, Milli Məclisin deputatı Azər Badamovun, RİHB-in yerlərdəki İƏD üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin, rayon ictimayyəti nümayəndələrinin, ziyalıların, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdikləri yığıncaqda rayonun 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Əvvəlcə Heydər Əliyev Xatirə Kompleksi ziyarət olunmuş, ulu öndərin abidəsi önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilmişdir.

Yığıncaq iştirakçıları mədəniyyət sarayının foyesində hazırlanmış sərgi ilə də tanış olublar. Burada Qusarın kənd təsərrüfatı və sənaye məhsulları, eləcə də rayonda aparılan quruculuq işlərini özündə əks etdirən fotostend nümayiş olunub.

Yığıncağın keçirildiyi salonda əvvəlcə Dövlət Himni səsləndirilmiş, rayonun həyatında ötən ildə baş verən mühüm hadisələri, abadlıq-quruculuq və mədəni-kütləvi tədbirləri əks etdirən videoçarx göstərilmişdir.

Yığıncağı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Şair Alxasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 11-də keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında, eləcə də regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda qarşıya qoyulan vəzifələr barəsində danışmışdır.

2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabatı yığıncaq iştirakçılarına  Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov təqdim etmişdir.

Hesabatda rayonda il ərzində həyata keçirilən infrastruktur layihələrin icrası, qazanılmış nailiyyətlər,  sahibkarlığın və kənd təsərrüfatının inkişafı, tikinti-abadlıq, quruculuq işləri, yerli və ölkə əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və təmiri, əhalinin qaz, elektrik enerjisi, suvarma və içməli su ilə təminatı, kommunal yaşayış binalarının təmiri və həyətlərin abadlaşdırılması, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, təhsil, mədəniyyət sahələrində keçirilən tədbirlər və digər məsələlər genişliklə əks olunmuşdur.

Yığıncaqda çıxış edən Milli Məclisin deputatı Azər Badamov  rayonda aparılan abadlıq və quruculuq işlərini ötən illərlə müqayisə edərək bildirib ki, Qusar 2018-ci ildə bir çox uğurlara imza atıb. Bunu rayonda inşa olunan sosial obyektlərin sayı, kənd təsərrüfatının ildən-ilə inkişaf etməsi, əkin sahələrinin artırılması, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə əldə etdiyimiz nailiyyətlərdən də görmək olar.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli fərmanından söz açan deputat bildirib ki, həmin dövlət proqramı Azərbaycanın növbəti 5 il ərzində daha böyük uğurlara imza atacağından xəbər verir. Vətəndaşların rifah halının, yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət proqramının qəbul olunmasını yüksək qiymətləndirən millət vəkili həmin proqrama əsasən 2019-cu ildə də genişmiqyaslı işlərin görüləcəyini diqqətə çatdırıb.

Hesabat yığıncağında çıxış edən sahibkar, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr muavini Jalə Əmirbəyova, dövlət sosial müdafiə fondu rayon şöbəsinin müdiri Arif Tahirov və başqaları ötən il kənd aqrar və sosial sahələrdə qazanılan uğurlardan danışmış, cari ilin tapşırıqlarının həlli istiqamətində görülən işlər barəsində ətraflı məlumat vermişlər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzəmmədov Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən genişmiqyaslı layihələrdən söz açmış,”Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Qusar rayonunda uğurla həyata keçirildiyini qeyd etmişdir.

Rayon icra hakimiyyətinin başçısı Şair Alxasov bir gün əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümünün qeyd olunduğunu, yeniyetmə və gənclərimizin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsində bu qurumun mühüm rol oynadığını söyləmiş, xidmətin rayon şöbəsinin kollektivinə uğurlar arzulamış və RİH-nin hədiyyəsini  rəis Nicat Həsənova təqdim etmişdir.

Şura iclasını yekunlaşdıran RİH başçısı Şair Alxasov Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə bağlı mədəniyyət, təhsil müəssisələrində rəngarəng tədbirlərin keçirilməsi bağlı tövsiyələrini vermiş, idmanın kütləviliyinə nail olmağın, rayon mərkəzində və kəndlərdə iməciliklərin keçirilməsi ənənsinin dirçəldidməsinin vacibliyini vurğulamış, çıxışlarda səslənən tənqid, təklif və mülahizələrə münasibətini açıqlamışdır.

Şura iclasında onun iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət və müzakirə olunan məsələ ilə bağlı qərar qəbul edilmişdir.