Məkanlar ayrı olsa da, problemlər eynidir

Yanvarın 14-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov  Samur qəsəbəsində və Şirvanlı kəndində sakinlərlə səyyar qəbul-görüşlər keçirmişdir.

Samur. Qəsəbə sakinlərini salamlayan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına əsasən bütün ölkə ərazisində, o cümlədən Qusar rayonunda həyata keçirilən irimiqyaslı abadlıq və quruculuq işləri, əhalinin sosial və iqtisadi problemlərinin kompleks həlli istiqamətində icra olunan dövlət proqramları barədə sakinlərə məlumat verdi.

Rayonumuzun yeganə qəsəbəsi, həm də ölkənin “şimal qapısı”nda yerləşmiş bu yaşayış məntəqəsinin problem və qayğıları həmişə olub və bu gün də kifayət qədərdir. Son illər onların həlli istiqamətində müəyyən işlər görülmüş, əhalinin sosial tələblərinin ödənilməsi nisbətən təmin edilmişdir. Lakin zaman, həyat hər gün yeni tələblər, aradan qaldırılması vacib problemlər ortaya qoyur. Məsələn, bir vaxtlar qəsəbənin su ilə təminatı müzakirəyə çevrilmişdisə, indi onun ərazidə itkisiz bölgüsü, qəsəbədaxili su xətlərinin yenilənməsi gündəmə gəlib.

Bu barədə öz irad və təkliflərini səsləndirən qəsəbə məktəbinin müəllimi Roza Pirəliyevanın, elektrik təchizatındakı çatışmazlıqlar, enerjinin fasilələrlə, qeyri-normal gərginlikdə verilməsi ilə əlaqədar onun həmkarı Xanlar Pənahovun iradları dinlənilmiş, müvafiq təşkilatların rəhbərlərinin təklifləri dinlənilmişdir.

Şirvanlı. Burada da eyni, bütün kəndlərimizdə qarşılanan, oxşar problemlər çözüldü.

Eldar Babayev kənd içi ilə sərhəd-keçid məntəqəsinə uzanan yolun yöndəmsiz, çala-çuxur olmasına, kənd məktəbinin müəllimi Həmid Həmidov elektrik enerjisinin verilməsindəki çatışmazlıqlara, mövcud transfoprmatorun yetərli olmadığına, dirək və naqillərin dəyişdirilməsinə ehtiyac duyulduğuna, Rauf Xəlilov istismar müddəti çoxdan başa çatmış məktəb binasının əsaslı təmirə və ya yenisinin inşasına başlanmasının vacibliyinə diqqət cəlb etdilər.

Görüşdə rayon icra hakimiyyətinin başçısı əhalini narahat edən problemləri dinlədi və qaldırılan məsələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.