Qərarları müstəqil düşünərək qəbul etməli

Yanvarın 23-də Qusar RİH-nin iclas zalında RİHB-in Qusar Şəhər İnzibati Ərazisi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir.

Y ığıncaqda iştirak edən Qusar RİH-nin başçısı Şair Alxasov dəvət olunanları salamlayaraq  sıravi vətəndaşların idarəçilikdə, sosial-quruculuq məsələlərinin həllində iştirakını təmin edən mühüm vasitə olan İƏ dairələri üzrə nümayəndəliklərində keçirilən hesabat yığıncaqlarının mühüm əhəmiyyətini xatırlatmış və iclas iştirakçılarını fəal müzakirəyə dəvət etmişdir.

Sonra RİHB-in Qusar Şəhər İnzibati Ərazisi üzrə nümayəndəsi Nahid Arazov hesabat məruzəsi ilə çıxış etmişdir.

O, vurğulamışdır ki, nümayəndəlik Qusar şəhərini və Qayakənd kəndini əhatə edir, 670 ha sahədə yerləşməklə 17925 nəfər əhalini özündə cəmləşdirir. 2018-ci ildə 148 nigah və 47 boşanma qeydə alınmışdır. İnzibati ərazi vahidliyində 9 mədəniyyət ocağı, 3 sahiyyə, 65 dövlət, 4 rabitə obyekti, 1 məscid, 30.787 nəfər şagirdin təhsil aldığı 7 təhsil ocağı, 175 nəfər uşağın tərbiyəsi ilə məşğul olan 2 uşaq bağçası, 550 artıq ticarət, 65 məişət xidməti, 46 istehsal obyekti fəaliyyət göstərir.

Dövlət başçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi və sosial sferalarında uğurla davam etdirilən islahatlar regionların, o cümlədən Qusarın da inkişaf tempini sürətləndirmişdir.

Məruzəçi tikinti-quruculuq, abadlıq işlərinin hesabat ilində də davam etdirildiyini söyləmiş, sakinlərin enerji, qaz, su, rabitə təminatı, məişət qayğıları ilə bağlı problemlərin həlli istiqamətində görülən tədbirləri diqqətə çatdırmışdır.      Vurğulanmışdır ki, aparılan tikinti quruculuq işləri həm də yeni iş yerləri deməkdir ki, hesabat dövründə 570 nəfər sakin bundan yararlana bilmişdir. Onların 125 daimi 345 isə mövsümü olmuşdur.

Daha sonra kommunal müəssisələri kombinatının direktoru Cəfər Məmmədovun çıxışı dinlənilmiş, sakinlərin sualları cavablandırılmışdır.

Yığıncağı yekunlaşdıran Qusar RİH-nin başçısı Şair Alxasov yerli inzibati ərazi dairələrində başa çatan hesabat-seçki yığıncaqlarında, eləcə də keçirdiyi səyyar qəbul-görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan problemləri ümumiləşdirmiş, əksər məsələlərin yerlərdə həllinin mümkünlüyünü diqqətə çatdırmışdır.

“-Yeni məktəblərin inşası, kəndin qazlaşdırılması, yolların əsaslı təmiri kimi mərkəz, rayon səviyyəsində, razılaşdırılmış qaydada həyata keçirilməli layihələr istisna edilməklə, əhalinin irad bildirdikləri, narazı qaldıqları bütün məsələləri yerli nümayəndəlik, bələdiyyə sərbəst, müstəqil şəkildə həll edə bilər və etməlidir. Bunun üçün işgüzarlıq, istək, təbii ki, qabiliyyət və bacarıq lazımdır. Şəhər və kəndlərimizdə elə sosial məsələlər, abadlıq tədbirləri var ki, onların icrası müvafiq qurumların bilavasitə borcu və vəzifəsidir. Yaşıllaşdırma, yol kənarlarının, küçələrin təmizlənməsi, elektrik dirəyinin dəyişdirilməsi, reklam lövhəsinin zövqlə yerləşdirilməsi… məgər bu məsələlər iclaslardamı həll olunmalıdır?-” söyləyən RİH başçısı məmurları öz işlərinə, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmağa, vətəndaşların rahat həyat şəraitinin təmin olunmasına çalışmağa səsləmişdir.

                                  “Qusar”