Minnətdarlıq

Hörmətli redaksiya! Mənim bu razılıq məktubumu yaxın saylarda dərc etməyinizi artıq dərəcədə xahiş edirəm. Bununla məni həyata qaytaran tibb işçilərinə minnətdarlıq etməklə bərabər, gənc, yeniyetmə nəsil üçün faydalı məsləhət verə biləcəyimi düşünürəm.

İnsan sağlamlığın qədrini onu itirəndə anlamağa başlayır. Nə qədər cavansan, sağlamsan, qaçırsan, vuruşub-çarpışırsan… əsas məsələlərdən birinin-sağlamlığının qayğısına qalmağı unudursan.

Mən də belə aqibət yaşadım. Güvənc yerimiz olan OKİ tibb klinikasına məni o vəziyyətdə gətirdilər ki, həkimlər maşınla Bakıya göndərilməyimin riskli olduğunu söylədilər. Dərhal, reanimasiya şöbəsinə qaldırıldım. Müəssisənin həkim və tibb personalı palatadaca müayinə olunmağı təşkil etdilər.

Aparılan təcili, intensiv müalicə sayəsində özümə gəldim. Tezliklə diaqnozum təyin olundu, həkimlər sağlamlığımın bərpasına, açığı, yaşamağımın davam etməsinə nail oldular, mənə ikinci ömür bəxş etdilər.

İndi sağalmış, evə buraxılmışam. Tez-tez yolumu bu klinikanın yerləşdiyi əraziyə salıram. Bu vaxtadək yanlarından sükutla keçdiyim, iş-güclərinə, xasiyyətlərinə yaxşı bələd olmadığım bu insanlara qarşı münasibətim tamam dəyişilib. İstəyirəm onları siz də tanıyasınız: Malik Kərimov – direktor; İsmayıl Aşırov, Azər Şahbazov, Zəfər  Pirməmmədov-cərrahlar; Malik Cəlilov- terapevt; Rafiq Xankişiyev-anestezioloq; Lalə Hüseynova-ultrasəs müayinəçisi;  Esmira Xeyirbəyova, Saniyə Əlirzayeva – tibb bacıları; Gülmira Sanayeva-feldşer; Əntiqə Abdullayeva, Aziya Məhəmmədəliyeva, Vüsalə Fudayeva-xadimələr; Kəmalə Balamətova-qeydiyyatçı, hələ adlarını yadda saxlaya bilmədiyim başqa mehriban insanlar.

Öz adımdan, ailəm adından sizlərə minnətdarlıq edir, şəfalı əlləriniz var olsun deyirəm.

Həm də gənclərə, sanki “o dünyadan dönmüş” birisi kimi demək istəyirəm: Sağlamlığınıza heç vaxt biganə qalmayın, onu cavanlıqdan qoruyun, həkimlərin, tibb işçilərinin məsləhətlərinə əməl edin, ancaq haranızsa ağrıyanda deyil, vaxtlı-vaxtında müayinə olunun, sizin xidmətinizdə duran ağxalatlı insanların zəhmətinə həmişə qiymət qoyun.

Ələkbər Hacıyev, Qusar şəhər sakini