ÖZ ZƏHMƏTİ, BACARIĞI İLƏ

Doğmamız, əzizimiz,     sevimlimiz -Mürşüd!

Hansımız üçün övlad, hansımıza qardaş, ata, babasan! Amma hamımıza doğma, yaxın, əzizsən. Çünki hər biriimzin üstündə haqqın var. Ona görə səni həyatında “fəsil dəyişikliyi” – 60 illik yubileyin münasibətilə təbrik etmək qərarına gəldik.

60 yaş insan ömrünün payızına bənzəyir. Yaz- uşaqlıq, yay-gənclik, payız-müdriklik, qış-ahıllıq!

Altmışadək həyatda nəyəsə nail olmayan, qalan müddətdə nəyisə çətin qazanar.

Həyatının ən məhsuldar payız çağını, barlı-bəhrəli fəslini yaşayırsan. Zəhmətkeşliyin, həyatsevərliyin, bacarığın sayəsində el içində hörmət-izzət sahibi, ev, ailə, oğul-uşaq yiyəsi olmağı bacarmısan.

Altmış il əvvəl, qışın bu oğlan çağında-yanvarın 18-də özü qədim, amma Yeni Zeyxür adlanan səfalı bir kənddə dünyaya göz açdın.

Sənin “Bir gəncin manifesti”n isə uzaq 1974-cü ildə başlandı.  Ömrün o səhifələrini bir də çevirək. Səkkizincini bitirən on beş yaşlı yeniyetmə Sumqayıt peşə məktəbinə gedir, oranı bitirərək zavodda fəhləliyə başlayır. Ordu sıralarından tərxis olunduqdan sonra doğma kənd, torpaq bu gənci doğulub boya-başa çatdığı ocağa-Yeni Zeyxürə gətirir. Bir müddət yerli təsərrüfatda sürücü işləyir, yayda kombayn, payızda traktor sükanı arxasına keçir, rayonun qabaqcıl əmək adamları sırasında layiqli yer tutur.

İxtisas təhsili aldıqdan sonra suvarma sistemləri idarəsində, yerli təsərrüfatda idarəçilik, təşkilatçılıq bacarığına yiyələnir. 1995-ci ildə Yuxarı Zeyxürdə yaradılan ilk kooperativə sədr seçilən gənc Mürşüd Kiçibəyov beş il camaatın etimadını doğruldur.

Əlbəttə, həyatda nail olduğun ən böyük nemət möhkəm, xoşbəxt ailəndir. Həyat yoldaşın Sinarə xanımla dörd övlad-üç oğul, bir qız böyüdüb tərbiyələndirmiş, təhsil vermiş, ev-eşik qurmalarına köməklik göstərmisiniz. Onların hər biri məsul, gərəkli vəzifədə çalışır, dövlətin, elin, ailənin etimadını doğruldur. Bu gün xoşbəxt baba kimi həm də 7 nəvənin nəvazişini çəkirsiniz.

Deyirlər, xoşbəxtliyin resepti olmur. Onu hərə özü üçün yazır. Doğrudan da belədir. Amma hər insan öz xoşbəxtliyinin dəmirçisi olmalı, onun üçün çalışmalı, tər tökməlidir. Sizin keçdiyiniz həyat yolu da bunun bir nümunəsidir.

Səninlə fəxr edir, qürur duyuruq. Ad günün, 60 illik yubileyin mübarək!

  Doğmaların