Çempion, həm də texnikalı döyüşçü

Paytaxtda keçirilən turnirdə Qusar kikboksinqçisi Ceyxan Məmmədov 840 idmançı arasında fərqlənməyi bacardı.

Dekabrın son həftəsində Azərbaycan Kikboksinq Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Xətai Boks Arenasında “BAKU OPEN-2018” kikboksinq çempionatı keçirilmişdir.

Çempinatın açılış mərasimini Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti, millət vəkili Adil Əliyev açıb. Federasiya prezidenti çempionat haqqında ətraflı məlumat verib: “Biz bu çempionatlarla bacarıqlı, istedadlı və güclü idmançılarımızı müəyyən edirik. Bu kimi çempionatlar qarşıdakı illərdə də keçiriləcək. Ölkəmizdə idmanın inkişafı sürətlə davam edir. Kikboksinq inkişaf prosesindən kənarda deyil. Kikboksinq ölkənin idman həyatında fəal rol oynayır”.

Yerli idmançılarla bərabər iranlı kikboksçuların iştirak etdikləri turnirə ümumilikdə 840-dan çox döyüşçü qatılmışdı.

Bu yarışda rayonumuzu 5 idmançı təmsil etmişdir. Çox sevindirici haldır ki, 840 idmançıdan on ən güclü texnikalı gənclər arasında Qusar idmançısı Ceyxan Məmmədov da yer almışdır.

Turnirdə daha dörd nəfərlə bərabər birinci yeri özünə təmin edən idmançımıza medal və diplomu şəxsən Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti, millət vəkili Adil Əliyev təqdim etmiş, ona yeni idman nailiyyətləri diləmişdir.

Bu yarışda idmançımızın iştirakına yardımçı olan, ona zəruri maliyyə vəsaiti təmin edən Qusar OİK-nin rəhbərliyinə minnətdarlığımızı bildiririk.

Elşən Şükürov, məşqçi