Kənd sakinləri üçün bayram hədiyyəsi

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları ərəfəsində rayonumuzun daha iki kəndində- Cibir və Piralda mənzillərə ilk dəfə “mavi yanacağ”ın verilməsinə başlanıldı.

Bu məqsədlə həmin kəndlərdə dekabrın 25-də keçirilən mərasimlərdə Qusar Rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Qusar RİH başçısının Piral Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nöhbala Həbibov mərasim iştirakçılarını salamlamış, kənd sakinlərinin çoxdan arzusunda olduqları kəndin qazlaşdırılması layihəsini başa çatdıraraq əhalinin məişət rahatlığına zəmin yaradan insanların ünvanına ən xoş arzularını bildirdi.

“Azəriqaz” İstehsalat Birliyi Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Xaliq Namazov çıxışında bildirdi ki, respublikada dövlət başçısının sərəncamına uyğun olaraq qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər görülür, qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir.

Piral və Cibir kəndlərində ümumilikdə 876 fərdi evin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 58 min 932 metr müxtəlif diametrli polietilen və polad borularla daşıyıcı eləcə də paylayıcı qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov kənd sakinlərini əlamətdar hadisə münasibətilə səmimi qəlbdən təbrik etdi:

-Bu gün hamımızın həyatında xoş gündür. Qışın bu sərt ayında  iki kəndin doqquz yüzə yaxın evində mavi alov şölələndi, otaqlar isindi, qəlblərə istilik, sevinc hakim kəsildi. Rayon rəhbəri üçün bundan sevincli gün ola bilərmi?

Bu gün həm də onunla əlamətdardır ki, tədbirimiz ölkə başçısı cənab İlham Əliyevin doğum günü, Yeni İl bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü  ərəfəsində keçirilir. Hər birinizi təbrik edir, sizlərə cansağlığı, firavanlıq arzulayıram. Qoy ocaqlarınız həmişə gur yansın, mətbəxlərinizdə toy, bayram təamları bişirilsin, süfrələriniz bərəkətli olsun.

Kənd sakinlərindən Dair Məcidov, Olqa Rüstəmova, Kəmalə Məcidova, Ramiz Orucov əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya, onlar üçün yaradılan bu məişət rahatlığına görə Prezidentimiz İlham Əliyev cənablarına dərin minnətdarlıq duyğularını ifadə emiş, ölkə başçısına möhkəm cansağlığı arzulamışlar.

Mərasim iştirakçılarının təntənəli alqışları altında qaz xəttinin açılışını bildirən rəmzi məşəl alovlandırılmışdır.

Ümumilikdə Qusar rayonunda qazdan istifadə edən edən abonentlərin sayı 17282 nəfərə, qazlaşdırılan yaşayış məntəqələrinin sayı isə 47-yə çatıb.

***

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov hər iki kənddə ağsaqqallarla görüşərək onları qayğılandıran məsələlər, problemlərlə maraqlanmışdır. Kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.