Müraciətlərə obyektiv yanaşıldı, əlaqədar şəxslərə tapşırıqlar verildi

Düztahir. Kənd sakinlərini salamlayan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov bildirdi ki, bu görüşlərin, həyata keçiriləntədbirlərin məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların firavan həyat şəraitinin təmin olunmasına dair göstərişlərini yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirməkdir.

Ağsaqqal Abdulmin Nurmətov RİH başçısını, səyyar qəbulda iştirak edən təşkilat rəhbərlərini salamlayaraq son illər kənddə baş vermiş yeniliklər, əhalinin sosial qayğılarının yüngülləşdirilməsi üçün həyata keçirilən tədbirlər barəsində danışmışdır.

Sonra müraciətlər dinlənilmişdir. Düztahirlilərdən Sərkər Sərdarov, Fikrət Pirmətov, Ruslan Qasımov, Kamil Pİrverdiyev köhnə elektrik dirəklərinin dəyişdirilməsi, kənddə həkim və baytar məntəqələri üçün binaların tikintisi, kənd məktəbinin maddi-təchizatının yaxşılaşdırılması barədə müraciətlər etmişlər.

Bu məsələlərin həlli yolları müvafiq qurumların mütəxəssisləri ilə müzakirə olunmuş, konkret qərarlar qəbul edilmişdir.

Mucuq. Burada baş tutan səmimi və işgüzar görüşdə də kənd insanlarını qayğılandıran bir sıra məsələlər müzakirə edilmişdir. Firudin Novruzov sonuncu dəfə on beş il qabaq təmir olunan məktəb binasının əsaslı təmiri, Qəhrəman Şəfiyev kəndin qazlaşdırılması, Yavər Əliquliyev Həzrə-Mucuq yolunun asfaltlaşdırılması ilə bağlı kənd sakinlərinin arzularını ifadə etmişlər.

Bu kənddə də əhalinin əsas tələbat duyduğu elektrik enerjisi, elektrik təsərrüfatındakı çatışmazlıqlar müzakirə mövzusuna çevrildi.

Yuxarı Zeyxür. Kənd sakinləri adından rayon rəhbərini və onu müşayiət edən müvafiq qurumların başçılarını salamlayan müəllim Həmid Mütəllibov yuxarızeyxürlüləri rahat yol, müasir məktəb, qaz təminatı kimi insanların rahat yaşayışını təmin edən atributlardan bəhrələndiklərini söylədi. O həmçinin kəndin yeni yaşayış məhəllələrində elektrik dirəklərinin əvəzlənməsinə, yeni transformatorun quraşdırılmasına zəruriyyət duyulduğuna, Əlixan Bağırov mövcud ATS-in ehtiyacı ödəmədiyinə, internetə qoşularkən çətinliklərlə üzləşdiklərinə, Ramazan Mütəllibov Zeyxür-İmamqulukənd yolunun təmirinə diqqət yönəltdilər.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov səyyar qəbulda qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edərək onların və digər cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdi.