Etibarı doğruldan oğul

Altmış il əvvəl, qışın ilk ayında anadan olsa da, dünyaya gəlişi ilə rayonumuzun görümlü-baxımlı guşələrindən biri olan Ləcət kəndində yaşayan Qayıbovlar ailəsinə sevinc, istilik, hərarət gətirdi.

Doğmaları “adını Osman qoyduq, yaşatmağı, doğrultmağı sənə etibar edirik”-dedilər. Məktəb, hərbi xidmət və təhsil illərini geridə qoyduqdan sonra doğma kəndinə dönən gənc taleyini ata ocağı ilə bağladı.

Oğul ata-babanın yolu ilə gedər. Ləcət kəndinin sayılan ağsaqqallarından olan atası Abdulmütəllib kişinin öyüd-nəsihətlərindən bəhrələnən Osman həmyerlilərinin mənəvi dəstəyinə, gənclərin, saf əqidəli insanların köməyinə arxalanaraq öz hesabına klub tikmək qərarına gəldi. Qarşısına çıxan çətinliklərə baxmayaraq, girişdiyi işi layiqincə başa vurdu, 1991-ci ildə Ləcətdə klub binasının açılışına nail oldu. Müvafiq ixtisas sahibi olan Osman Qayıbov bəri klubda müdir vəzifəsində çalışır, kənd əhalisinə mədəni xidmət göstərir.

Ölkəmizdə yeni qurum olan bələdiyyə seçkiləri start götürəndə ləcətlilər qurucu, yaradıcı insan kimi yenə də Osmana tərəf döndülər.  Digər namizədlərlə rəqabətdə daha çox səs torlayaraq həm də bələdiyyə sədri kimi çətin, məsuliyyətli vəzifəni daşımağı öz çiyinlərinə götürdü.

Öz işini möhkəm tutan, halalı harama qatmayan şəxs elin gözündə həmişə ucalır, sayılıb-seçilir. Bunun nəticəsidir ki, qəhrəmanımız tam on il müddətində Ləcət Bələdiyyəsinin sədri, növbəti beş ildə isə Həzrə Bələdiyyəsi sədrinin Ləcət kəndi üzrə müavini seçilmişdir.

Mənəvi təmizliyi hər şeydən üstün tutan Osman Qayıbov fiziki, bioloji təmizliyi də həyat devizi kimi qiymətləndirərək növbəti uğurlu layihəni həyata keçirmişdir. O, ləcətlilərin, eləcə də qonşu kəndlərin insanlarının şəfa tapmaq ümüdi ilə üz tutduqları “Kupul yad” bulağının ətrafını abadlaşdıraraq burada talvarın, hamam binasının tikintisinə nail olmaqla əsl təşkilatçı olduğunu bir daha sübut etmişdir.

Dörd qız və bir oğlan övladının hər birini ali təhsilli edib, layiqli vətəndaş kimi yetişdirib cəmiyyətə pərvazlandırmaq, onların xoş soraqlarını almaq, neçə-neçə nəvələrini dizlərində oturdub gördüyü xeyirxah işlərdən qürurla danışmaq… sözün həqiqi mənasında xoşbəxtlik deyilmi?

Ağsaqqallıq adı saçın-saqqalın ağarmağı ilə deyil, müdrik əməllərlə, vətənpərvərlik hisslərilə yaşamaqla, hər kəsə nümunə olmaqla qazanılır. Odur ki, cavan ağsaqqalımız, sevimlimiz, həmkarımız Osman Qayıbova deyirik:-Altmış yaşın mübarək, sənə ürəyin istəyən qədər uzun ömur, möhkəm cansaglıgı, xosbəxtlik arzulayırıq!

Doğmaların, dostların, iş yoldaşların, həmkarların