TƏNTƏNƏLİ YUBİLEY YIĞINCAĞI

Heydər Əliyev mərkəzində Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi və ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirildi.

Tədbir iştirakçıları öncə ulu öndərin abidəsinin önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov ədliyyə orqanlarının yaradılmasının 100 illik yubleyi və peşə bayramları münasibəti ilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik etmiş, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan danışmışdır. Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis olunması ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf etdiyini, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyətinin təmin edildiyini xatırladan rayon rəhbəri bununla da ədliyyə işinin təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaradıldığını bildirmişdir.

Ədliyyə işçilərinə etibar olunmuş sahənin son dərəcə çətin, müqəddəs və eyni zamanda şərəfli bir sahə olduğunu xüsusi vurğulayan icra başçısı dövlətçiliyimizin qorunmasına, insan taleyinə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə həsr etdikləri gərgin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulamışdır.

Rayon məhkəməsinin sədri Adil Vəliyev məruzəsində vurğulamışdır ki, Azərbaycan ədliyyəsinin inkişafına və modernləşdirilməsinə diqqət ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra daha da artmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilmiş, nazirliyin səlahiyyətləri genişləndirilmiş, cəmiyyətdə rolu və nüfuzu qaldırılmışdır.

Ulu öndərin ədliyyə sahəsinə göstərdiyi böyük qayğının təzahürü olaraq 2000-ci il noyabrın 11-də imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib.

Azərbaycan Prezidenti cənab İlham Əliyev də ədliyyə orqanlarının işinin təkminləşdirilməsi sahəsində görülən işləri uğurla davam etdirib. 2006-cı ildə dövlət başçısının təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuş, strukturu təkmilləşdirilmişdir. Müstəqillik dövründə ilk dəfə olaraq-dövlətimizin başçısının 2006-cı il 18 aprel tarixli fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilib.

Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə peşə  bayramı ərəfəsində Prezident İlham Əliyevin noyabrın 20-də imzaladığı sərəncamlarla Azərbaycan Respublikasının hakimlərinə və ədliyyə orqanları işçilərinə fəxri adların, ali xüsusi rütbələrin, orden və medalların verilməsi peşə bayramı ərəfəsində ədliyyə işçilərinə dövlət başçısı tərəfindən verilən qiymətin bariz nümunəsidir.

Rayon prokuroru ədliyyə müşaviri Mübariz Əhmədov, 1 saylı məktəbin müəllimi Solmaz Həsənova və başqaları çıxış edərək ölkədə həyata keçirilən uğurlu məhkəmə-hüquq islahatlarından söz açmış,  ədliyyə işçilərinə peşə bayramları münasibətilə ən xoş arzularını çatdırmışlar.

Bir qrup ədliyyə işçisinə Qusar Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunmuşdur.

   “Qusar”