Bayrağımız qürurumuzdur!

Rayonumuzda Bayraq Günü, Dövlət bayrağımızın 100 illiyi qeyd olundu.

Bu münasibətlə Qusar Rayon İcra Hakimiyyətində müşavirə keçirildi. Müşavirə iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin binanın foyesindəki büstü önünə gül dəstələri qoyaraq, onun əziz xatirəsini dərin ehtiramla yad etmişlər.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov bayram münasibətilə tədbir iştirakçılarını təbrik etmiş və söyləmişdir ki, ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qəbul etdiyi milli atributu xalqımıza bir daha bəxş edən ümummilli lider Heydər Əliyev olub. Ulu öndər 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi məhz bu bayrağın qəbul edilməsi təklifini irəli sürüb. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti əsasında üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə noyabrın 9-da Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

Müqəddəs dövlətçilik rəmzlərindən sayılan üçrəngli bayrağımızın dövlət müstəqilliyimizin, ölkənin ərazi bütövlüyü və toxunulmazlığının simvolu olduğunu vurğulayan rayon ağsaqqallar şurasının sədri Vahid Mehdixanov, təhsil şöbəsinin müdiri Niftəli Fərzəliyev və başqaları bayrağımızın ilk dəfə dalğalanmasının 100 illiyi, hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs atributa çevrilən bayrağın tarixi haqqında danışmaqla bərabər, bayrağımızın, müqəddəsliyinin, mənəvi əhəmiyyətinin təbliğ olunmasının vacibliyini söylədilər.

Daha sonra Bayraq Gününə, Dövlət bayrağımızın 100 illiyinə həsr olunmuş tədbir yüzlərlə üçrəngli bayrağımızın dalğalandığı General Mahmud Əbilov adına mərkəzi medanda bayram şənliyi və möhtəşəm konsertlə davam etdi.

Burada çıxış edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, partiyanın rayon təşkilatının sədri David İbramxəlilov sakinləri təbrik etdi, Dövlət Bayrağı Gününün gələcəkdə Şuşada və Azərbaycanın düşməndən azad ediləcək bütün torpaqlarında qeyd olunması arzusunu dilə gətirdi.                    Fotolar Ravilindir.