Nəsillərə örnək olan döyüş və hünər yolu

Rayonumuzda Azərbaycanın görkəmli hərb xadimi, Böyük Vətən müharibəsinin istedadlı sərkərdələrindən biri, ilk milli diviziya komandiri, general Mahmud Əbilovun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Noyabrın 5-də baş tutan bu tədbirin iştirakçıları əvvəlcə şəhərimizin mərkəzi meydanında məşhur generalın və qusarlı qəhrəmanların şərəfinə ucaldılmış abidəni ziyarət ediblər.

Qusardakı Heydər Əliyev Mərkəzində keçirilən yubiley tədbirindən qabaq Mahmud Əbilovun şəxsi əşyalarından ibarət sərgiyə baxış keçirilmişdir.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, partiyanın rayon təşkilatının sədri David İbramxəlilov Uqur kəndində dünyaya göz açan Mahmud Əbdülrza oğlu Əbilovun uşaqlıq illəri, hərb həyatı, Böyük Vətən müharibəsində göstərdiyi şücaətlər və ölkəmizin hərb tarixindəki rolundan danışmışdır.

Bir çox hərbi birləşmələrdə müxtəlif vəzifələrdə çalışan Mahmud Əbilov Böyük Vətən müharibəsi başlayanda 146-cı əlahiddə atıcı briqadanın komandiri vəzifəsinə təyin edilib. Müxtəlif qoşun birləşmələrinə komandanlıq edən Mahmud Əbilov Volxov, Şimal-Qərb, II və III Belarus cəbhələrində faşist işğalçılarının darmadağın olunmasında böyük şücaət göstərib. General-mayor Mahmud Əbilov döyüş xidmətlərinə görə 5 “Qırmızı bayraq”, I dərəcəli “Vətən müharibəsi”, II dərəcəli “Kutuzov”, “Suvorov”, “Boqdan Xmelnitski”, eləcə də Amerika Birləşmiş Ştatlarının və Polşa Respublikasının ordenləri ilə təltif olunub.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mahmud Əbilov haqqında yazılmış sənədli povest-poemanın müəllifi Hacıbala Yargunvi, rayon veteranlar şurasının   sədri Cavanşir Məmmədov, Qusar Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xatirə Nağıbəyova, muzeyin elmi işçisi Ləman Bağırova, bu muzeyin əməkdaşı Tahirə Nəsruyeva və başqaları çıxışlarında Mahmud Əbilovun gənc nəsil üçün vətənpərvərlik nümunəsi olduğunu bildiriblər.

Qeyd olunmuşdur ki, müharibədən sonra da o, hərbi qulluğunu ləyaqətlə davam etdirmişdir. Azərbaycanda ilk milli diviziyanın, bir çox sınaq və təlim poliqonlarının yaradılması məhz onun adı ilə bağlıdır.

General Mahmud Əbilov həm də respublikamızın ictimai həyatında fəal iştirak etmişdir. O, üçüncü və dördüncü çağırış SSRİ Ali Sovetinə deputat seçilmiş və xalqa deputat kimi də ləyaqətlə xidmət etmişdir. Azərbaycan KP-nin XVIII qurultayında Mahmud Əbilov MK-ya üzv seçilmişdir.

Ümummilli lider Heydər Əliyevin fərmanı ilə Mahmud Əbilovun anadan olmasının 100 illiyi respublika səviyyəsində geniş qeyd edilmişdir. General sağlığında böyük ümumxalq məhəbbətini qazanmışdı. Bütün qüvvə və bacarığını Vətənin, xalqın gələcəyinə sərf etmiş görkəmli sərkərdə, ictimai xadim Mahmud Əbilovun həyat yolu indi də hər bir insan üçün yaxşı nümunə və örnək, gənc nəsil üçün vətənpərvərlik nümunəsidir. Ona görə onun zəngin irsi dərindən öyrənməli və geniş təbliğ olunmalıdır.

Qusar Rayon Uşaq İncəsənət Məktəbinin xoru “Torpağın səsi” mahnısını ifa etmiş, şəhər 3 saylı məktəbin şagirdi Aysel Kərimli, 1 nömrəli məktəbin şagirdi Məryəm Niftəliyeva igid generala həsr olunmuş şeirlər söyləmişlər.

Tədbirin sonunda Mahmud Əbilova həsr olunan “Kiçik kəndin böyük generalı” adlı sənədli filmi nümayiş etdirilib.

    “Qusar”