Cəmiyyətin maariflənməsinə töhfə məqsədilə

Rayonumuzda “Kulturologiya və davamlı inkişaf” mövzusunda seminar keçirilmişdir.

Noyabrın 11-də Qusar Şahmat Mərkəzində “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşklatçılığı ilə keçirilən tədbirdə “Simurq” AMA-nın üzvləri, icra hakimiyyəti orqanlarının, QHT-lərin, yaradıcı qurumların, həmkarlar ittifaqlarının, bələdiyyələrin, beynəlxalq təşkilatların və fondların, səfirliklərin, gənclər, qadın və dini təşkilatların nümayəndələri, sahibkarlar, elm və incəsənət xadimləri iştirak ediblər.

Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev tədbir iştirakçılarını salamlayaraq rayonda sahibkarlığın, turizmin, kənd təsərrüfatının və digər sahələrin inkişafından danışıb. Daha sonra o, “Azərbaycanın davamlı inkişafı məqsədi ilə şimal regionunun insan kapitalının formalaşdırılmasında vətəndaş cəmiyyətinin iştirakının zəruriliyi” mövzusunda məruzə ilə çıxış edib.

“Simurq” AMA-nın prezidenti Fuad Məmmədovun “Azərbaycanın davamlı inkişafı üçün kulturologiyanın strateji əhəmiyyəti haqqında” məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Kulturoloq çıxışında idarəetmə mədəniyyətinin və elminin inkişafı üçün insanın həyat fəaliyyəti qanunları, texnologiyaları və imkanları haqqında elm olan kulturologiyanın fundamental əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Məruzədə “Simurq” AMA-nın Azərbaycanda ruhi mədəniyyətin, xüsusilə, milli kulturologiyanın, insan kapitalının inkişafına və vətəndaşların akkulturasiyası və inkulturasiyası metodları ilə cəmiyyətin maarifləndirilməsinə ciddi töhfələr verdiyi qeyd olunub.

Seminarda rusiyalı mütəxəssislər Dmitri Qurulev “Mədəniyyətin formalaşmasında insan münasibətlərinin əsasında duran etimad haqqında”, Tamara Vlasova isə “Mədəniyyətin inkişafında emosional intellektin rolu haqqında” mövzularında məruzələrlə çıxışlar ediblər.

Tədbirin sonunda təşkil olunan “dəyirmi masa”da “Kulturologiya və yüksək mədəniyyətli insanlar cəmiyyətinin formalaşdırılmasında yeni imkanlar” mövzusu ətrafında müzakirələr aparılıb.

“Qusar”