Rayonumuzda mühüm layihə reallaşdırılacaq

Məqsədi kənd qadınlarının iqtisadi və sosial həyatda daha dolğun iştirakını təmin etməkdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə 2011-ci ildən “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqi” texniki yardım layihəsini həyata keçirir.

2021-ci ilin iyulunadək davam edəcək layihənin Bərdə və Bakı şəhərinin Xəzər rayonu ilə bərabər oktyabr ayından Qusar rayonunda da reallaşdırılması nəzərdə tutulmuşdur.

AQUP Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova noyabrın 5-də layihənin həyata keçirilməsinə hazırlıqla bağlı məsələləri müzakirə etmək üçün rayonumuzda olmuşdur. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovla görüşdə o, mövcud layihənin Azərbaycanın bir çox rayonlarında həyata keçirildiyini, növbəti məkan kimi Qusarın seçildiyini bildirərək tədbirin məqsəd və mexanizmi barədə məlumat vermişdir.

BMT rezident nümayəndəliyinin müavini Alessandro Frakassetti, layihə rəhbəri Gülarə Hümbətova bildirmişlər ki, layihənin məqsədi kənddə yaşayan qadınların iqtisadi və sosial həyatda daha dolğun iştirakını təmin etmək, cəmiyyətə nüfuz dairəsini genişləndirmək, onun fərdi qabiliyyət və peşə marağını, bacarığını nəzərə almaqla fəaliyyətini istiqamətləndirməkdir.

Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov bu layihənin həyata keçirilməsi üçün Qusarın seçildiyindən məmnun qaldığını bildirmiş, son illərdə rayonda onlarla qadının idarəetmə işinə irəli çəkildiyini söyləmişdir.

İcra başçısı indiki layihənin rayon ərazisində həyata keçirilməsi üçün hər cür şəraitin yaradılmasına çalışacığını bildirmişdir.

Qonaqlar səmimi qəbula və işgüzar söhbətə görə rayon rəhbərinə minnətdarlıqlarını ifadə etmişlər.

AQUP Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova rayona səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində olmuş, məşhur hərb xadimi general Mahmud Əbilovun 120 illik yubileyi tədbirinə qatılaraq, unudulmaz diviziya komandirinin şəxsi əşyalarından ibərət sərgiyə baxmış, xanım fəallarla söhbət etmişdir

Heydər Əliyev Mərkəzi qadın resurs mərkəzi üçün məkan seçildi. Adıçəkilən layihənin uğurla həyata keçirilməsi üçün burada hər cür şərait olduğu bildirildi.

“Qusar”