Babakişi Həsən oğlu Bağışov

Rayonun tibb ictimaiyyətinə ağır itki üz vermişdir. Bacarıqlı həkim Babakişi Bağışov ömrünün 79-cu ilində vəfat etmişdir. Bağışov Babakişi Həsən oğlu 1940-cı il fevralın 8-də rayonumuzun Hil kəndində anadan olub.

Orta məktəbi  bitirdikdən sonra yerli təsərrüfatda işləyib. 1962-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olmuş, 1969-cu ildə institutu bitirib təyinatla doğma rayona qayıtmışdır. Babakişi Bağışovun həkimlik fəaliyyəti daimi olaraq Qusar Mərkəzi Rayon Xəstəxanası ilə bağlı olmuşdur. Əvvəlcə o, həm vərəm dispanserində, həm də təcili yardım stansiyasında həkim kimi çalışmış, 1970-ci ilin yanvarından fəaliyyətini poliklinikanın sahə terapevti kimi davam etdirmişdir.

Babakişi Bağışovun 1978-ci ilin sentyabrından daxili xəstəliklər şöbəsində həkim-terapevt, 1988-ci ilin martında həmin şöbəyə müdir təyin edilmişdir. Bacarıqlı həkim 2011-ci ilin yayında, öz ərizəsi ilə təqaüdə çıxanadək- 23 il daxili xəstəliklər şöbəsinin müdiri vəzifəsində işləyib.

Ömrünün 42 ilini insanların sağlamlığının qorunmasına sərf etmiş Babakişi Bağışov insanların inamını, etibarını qazanmış loğman, səmimi insan, sədaqətli dost idi.

Onun səmərəli fəaliyyəti həm sakinlər tərəfindən layiqincə dəyərləndirilmiş, eləcə də rəhbərliyin diqqətində olmuşdur. 1991-ci ildə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilən həkim, ona göstərilən etimadı həmişə yüksək peşəkarlıqla doğrultmağa çalışmış və buna nail olmuşdur.

Həyatının mənalı illərini əhalinin sağlamlığına həsr etmiş Babakişi Bağışovun xatirəsi onu tanıyanların və sevənlərin yaddaşında qalacaq.

Qusar Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyi,

səhiyyə işçiləri həmkarlar ittifaqının rayon komitəsi