Ziyaddin Qalib oğlu Əzizov

Rayonumuzun təhsil ictimaiyyətinə ağır itki üz verib. Qocaman müəllim, 70 ilə yaxın davam edən pedaqoji fəaliyyəti dövründə minlərlə yeniyetməyə biliklərin sirlərini öyrədərək müstəqil həyata vəsiqə verən təcrübəli pedaqoq Ziyaddin Qalib oğlu Əzizov ömrünün 92-ci ilində vəfat etmişdir.

Ziyaddin Qalib oğlu Əzizov 1927-ci il oktyabrın 9-da Həzrə kəndində anadan olmuşdur. 1947-ci ildə Quba Müəllimlər İnstitutunun, 1952-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakultələrini də bitirmişdir. Müəllimlik fəaliyyətinə 1947-ci ildə Qonaqkənd rayonunda başlamış, 1950-1953-cü illərdə  Xudatda davam etdirmişdir.

1953-cü ildə doğma Həzrəyə qayıdan Ziyaddin Əzizov təqaüdə çıxanadək-2007-ci ilə kimi burada çalışmış, fizika, eləcə də riyaziyyat fənlərini tədris etmişdir.

Ziyaddin Əzizov yaradıcı, şagirdlərinə düşünməyi, yaratmağı təlqin etməyi bacaran pedaqoqlarımızdan biri idi. Onun dərsləri ancaq dərsliklərdə, proqramlarda müəyyən olunmuş sərhədlərlə məhdudlaşmırdı. Dərs zamanı nəzəriyyə ilə yanaşı təcrübələrə də geniş yer ayıran qabaqcıl müəllim, rayon miqyaslı tədbirlərdə də yaxından iştirak edirdi. Onun fizika üzrə bir neçə elmi məqaləsi “Fizika və riyaziyyat” məcmuəsində, “Fizika v şkole” jurnalında dərc olunmuşdur. 1977-ci ildə “Baş müəllim” kateqoriyasına layiq görülən pedaqoq rayon təhsilini respublikanın hüdudlarından kənarda da layiqincə təmsil etmişdir.

Məktəbdə olduqca tələbkar olan Ziyaddin müəllim bir ziyalı, ailə başçısı kimi kənd, rayon camaatının, çalışdığı məktəblərdə pedaqoji və şagird kollektivlərinin hörmətini qazana bilmişdi.

Təhsilimizin inkişafında əvəzsiz xidmətləri olan Ziyaddin Əzizovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.  Həzrə kənd tam orta məktəbin pedaqoji kollektivi