Səmimi görüşlər, təsirli tədbirlər

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Oktyabrın 30-da Nəcəfkənd və Böyük Muruq kəndlərində vətəndaşların səyyar qəbulunu keçirmişdir.

Nəcəfkənd. Yeni quraşdırılmış modul tipli məktəbin həyətində, açıq havada keçən görüş-qəbulda iştirak edən kənd sakinləri belə ünsiyyətin əhəmiyyətini yüksək dəyərləndirmişlər.

Kənd sakini Kərim Kərimov dövlət məmurlarının və vəzifəli şəxslərin insanların prorblemləri və  qayğıları ilə birbaşa yerlərdə maraqlanmaq kimi nümunəvi iş prinsiplərinin hamı tərəfindən böyük razılıqla qarşılandığını demişdir.

Əsasən torpaqla, otlaq sahələrinin kol-kosdan təmizlənməsi, elektrik enerji təminatı, kənd yollarının təmiri ilə bağlı məsələləri qaldıran Roza Fazilova, Şair Buxsayev, Ruslan Mirzəbəyov və Nəriman Eldarovun təklifləri yerindəcə, kollektiv müzakirə edilmişdir.

Kənd ərazisində satılaraq üzərində icazəsiz tikinti aparılan torpaq sahəsinin alqı-satqı sənədlərinin qanuniliyinin yoxlanılması hüquq-mühafizə orqanlarının rəhbərlərinə tövsiyə edilmişdir.

Eləcə də elektrik enerji təchizatı ilə bağlı müvafiq idarənin rəhbərliyinə, otlaq sahələrinin kol-kosdan təmizlənməsi zamanı ortaya çıxan anlaşılmazlığın regional ekologiya idarəsi ilə araşdırılması barədə yerli nümayəndəyə göstəriş verilmişdir.

Böyük Muruq. Yaraşıqlı, yeni uslubda inşa edilmiş kənd məktəbinin iclas zalında keçən qəbulda çıxış edən məktəbin direktoru Əzizə Səlimxanova, sakinlərdən İlyasbəy Ağaşirinov, Ataxan İlyasbəyov, Əyyub Carullayev yol, odun tədarükü, elektrik enerjisinin verilməsində uzun müddətli fasilələrin olması barədə  iradlarını, eləcə də təkliflərini və dilə gətirmişlər.

Görüş zamanı informasiyasızlıq, vətəndaş fəallığının yetərincə olmaması kimi ağrılı bir problem yenə öüzünü büruzə verdi. Məsələn, odun tədarükü üçün “biletin” alınması. Guya meşə-mühafizə idarəsinin regional idarənin tərkibinə keçməsi ilə əlaqədar vətəndaşlar indi Qubaya getməli olacaqlar.

İcra hakimiyyəti başçısının “Siz yerli idarəyə sənəd üçün müraciət etmisinizmi?”- sualına verilən cavab təəssüf doğurmaya bilməzdi: “Yox, amma belə deyirlər…”.

Eyni təəssüf hissi otlaqların kol-kosdan təmizlənməsinə Xaçmazdan, regional ekologiya idarəsindən icazə almağın vacibliyini düşünənlərə də aid etmək olar. Ata-babadan ot biçilən biçənəklərin kol-kosdan təmizlənməsi nə vaxtdan qanuna zidd hərəkət sayılır? Digər tərəfdən informasiya-texnologiya vasitələrinin inkişaf etdiyi, hər bir nazirlikdə sorğu xidmətinin, “qaynar xətt”in mövcud olduğu bir dövrdə vətəndaş passivliyi, yeniliklərə meyl etməməyi təəssüf doğurmaya bilmir.

Yerli hakimiyyət və bələdiyyə qurumlarının, təhsil, mədəniyyət müəssisələri işçiləri də belə məsələlərdə vətəndaşların maariflənməsinə çalışmalıdırlar. Əlbəttə, bir mətbuat orqanı olaraq bunu qezetimizin də vəzifəsi hesab edirik.

Məktəbin həyətində, açıq havada ağsaqqal və ağbirçəklərlə keçən görüşdə əsasən elektrik təchizatı məsələsinə toxunuldu. Ağsaqqal Əyyub Carullayevin peşəkarcasına açıqladığı problem və onun həlli yolları ilə verdiyi məsləhətlər bu sahə rəhbəri tərəfindən qeyd-şərtsiz qəbul olundu. O, Əcəxür-Aşağı Zeyxür hava elektrik xəttinin yükünün azaldılması, çürük dirəklərin əvəzlənməsi üçün gərəkli tədbirlərin görüləcəyinə, müvafiq yerlərdə yağ açarların quraşdırılmasının təmin ediləcəyinə söz verdi.

Görüşlərdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov rayon mərkəzində və kəndlərində gələcək inkişaf proqram və layihələrinə salınmasına ehtiyac duyulan məsələlərə aydınlıq gətirmişdir. O, Həzrə-Sudur yolunun da əsaslı surətdə yenidən qurulacağını söyləmiş, o vaxtadək camaatın rahat gediş-gəlişini təmin etməkdən ötrü bu yolun hamarlanmasına göstəriş verəcəyini bildirmişdir.