Medal təqdim olundu

RİHB-nın Sudur Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi İkram Əsəd oğlu Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 iyul 2018-ci il tarixli sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov yüksək mükafatı İkram Əsədova təqdim edərək ona cansağlığı, vətəndaşların istək və qayğılarının təmin olunması, ərazidə qanunçuluğun, dövlət mənafelərinin qorunması yönündə fəaliyyətində uğurlar diləmişdir.

1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirən İkram Əsədov əmək fəaliyyətinə Qənərçay kənd orta məktəbində müəllim kimi başlayıb, bu tədris ocağında direktor müavini  vəzifəsində çalışıb.

1993-cü ildən etibarən Qusar RİHB-nın Sudur kənd İƏD üzrə nümayəndəsi vəzifəsində çalışan İkram Əsədov ərazidəki insanların qayğıları ilə yaşayan, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışan məmurlarımızdandır. Məhz buna görə əməyi dəfələrlə fəxri fərmanlara, digər mükafatlara, 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsinə layiq bilinib.

Biz də bu təbriklərə qoşulur, “Qusar”ın yaxın dostu İkram Əsədovu ürəkdən təbrik etməklə ona ailə səadəti, tükənməz enerji, yeni uğurlar arzulayırıq.