Doqquz ayın sosial-iqtisadi yekunları müzakirə olundu

Oktyabrın 17-də Qusar Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclasında rayonun 2018-ci ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş hesabatı müzakirə olunmuşdur. İclasda rayon xidmət təşkilatlarının hesabatları dinlənilmiş, qarşıda duran məsələlər və problemlərin həlli yolları müzakirə edilmişdir.

Yığıncağı Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov açaraq çıxışında əsas diqqəti oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə ölkə başçısının məruzəsindən irəli gələn vəzifələrə cəlb etmişdir:

-Dövlət başçısı 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu, ilin əvvəlindən qarşıya qoyulan bütün vəzifələrin uğurla və vaxtında icra edildiyini, 2018-ci ildə də Azərbaycanın dinamik inkişafının təmin olunduğunu və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını qeyd etmişdir. 2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atılmışdır. Bu ilin doqquz ayında bizim iqtisadiyyatımız, yəni, ümumi daxili məhsul 0,8 faiz artmışdır. Qeyri-neft sektorunda artım isə 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artmışdır. Bu göstərici Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artmışdır. İnflyasiya cəmi 2,6 faiz təşkil etmiş, əhalinin gəlirləri isə 9,5 faiz artmışdır. İlin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulmuşdur. Bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub.

Qusar rayonunda 2018-ci ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş hesabatı RİH başçısının birinci müavini Şahid Fərəməzov  təqdim etmişdir.

Məruzədə qeyd olunub ki, ölkəmizin sosial-iqtisadi həyatında olduğu kimi, Qusar rayonunda da 2018-ci ilin doqquz ayında iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti, eləcə də nəqliyyat, rabitə, ticarət və xidmət sahələrində müsbət nəticələr qazanılıb.

Hesabat dövründə rayonda 171057,0 min manat dəyərində ümumdaxili məhsul istehsal olunmuşdur. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 %  çoxdur. Həmçinin bu dövrdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun (işlərin, xidmətlərin) ümumu həcmi 9,5%, kənd təsərrüfatında ümumi məhsul istehsalı 7,2%, nəqliyyat sektorunda əldə olunan gəlirlər 4,9%, poçt və rabitə xidmətlərinin həcmi 9,7%, pərakəndə əmtəə dövriyyəsi 3,8%, əhaliyə göstərilən pullu xidmətlər 3,8% artmış, 795 yeni iş yeri açılmış, 18 hüquqi və 322 fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanlarında qeydiyyatdan keçmişdir.

Hesabat dövründə rayonun yerli gəlirlər proqnozu 127,1%  icra olunmuşdur. 9 ayda daxil olma ötən ilin müvafiq dövrü ilə müqayisədə 941,8 min manat və ya 18,06% çox olmuşdur. Yerli xərclərin dəqiqləşdirilmiş proqnozu 5.766,6 min manata qarşı 5.168,1 min manat və ya 89,2% icra olunmuşdur.

Hesabat məruzəsi ətrafında müzakirələrdə rayon telekommunikasiya qovşağının rəisi Fərhad Pirmətov, regional qaz istismarı idarəsinin Qusar  xidmət sahəsi üzrə rəis müavini Vüsal Seyidov, elektrik şəbəkəsinin rəisi Rəhman Səmədov  çıxış etmişlər.

Hesabat yığıncağını yekunlaşdıraraq qarşıda duran vəzifələrlə əlaqədar tövsiyə və tapşırıqlarını verən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov söyləmişdir ki, ölkə başçısı tərəfindən 2018-ci il oktyabr ayının 9-da keçirilmiş iclasda qarşıya qoyulmuş vəzifələrə, qeyd olunmuş irad və təkliflərə aidiyyatı şəxslər tərəfindən məsuliyyətlə yanaşılmalı, mövcud problemlərin həllinə diqqət göstərilməli, qarşıya qoyulmuş vəzifələrin icra edilməsi üçün bütün qüvvələr səfərbər edilməlidir.