Fəxri ada layiq görüldü

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 4 oktyabr 2018-ci il tarixli sərəncamı ilə ölkə təhsilinin inkişafındakı xidmətlərinə görə bir qrup təhsil işçisinə “Əməkdar müəllim” fəxri adı verilmişdir. Qusar şəhər 2 saylı orta məktəbin müəllimi Tamilla Cavid qızı Məmmədova da fəxri ad alanların cərgəsindədir.

Qusar şəhərində ziyalı ailəsində dünyaya göz açan Tamilla Məmmədova, 1972-ci ildə burada 2 saylı məktəbi bitirdikdən sonra Dağıstan Dövlət Universitetinin biologiya fakultəsinə daxil olmuşdur. Ali təhsilini başa vurub əmək fəaliyyətinə Salyan rayonunda başlamış, pedaqoji fəaliyyətini 1979-1985-ci illərdə Xaçmaz şəhər 3 saylı orta məktəbində davam etdirmişdir.

1986-cı ildən doğma təhsil ocağına-Qusar şəhər 2 saylı orta məktəbinə qayıdan Tamilla Məmmədova burada ixtisası üzrə müəllim işləyir.

Qırx ilə yaxın bir dövrü əhatə edən pedaqoji təcrübəyə malik Tamilla Cavid qızı Məmmədovanın əməyi məktəb, təhsil şöbəsi tərəfindən qiymətləndirilmiş, müxtəlif mükafatlara layiq gorülmüşdür.

Tamilla Məmmədova ixtisasına dərindən yiyələnmiş, onu şagirdlərə sevdirməyi, öyrətməyi bacaran təcrübəli pedaqoqdur. Onun yetirmələri rayonun, ölkənin müxtəlif müəssisələrində bacarıqlı mütəxəssis olaraq çalışırlar. Yetirmələri tərəfindən sevilən müəllim, qayğıkeş ana, təvazökar xanım olan Tamilla Məmmədovanı yüksək fəxri ad almağı münasibətilə təbrik edir, şərəfli peşəsində yeni uğurlar, cansağlığı, ailə səadəti arzulayırıq.

  “Qusar”