Hər zaman hörmət və ehtiramla çəkiləcək ad

Rayon icra hakimiyyətinin iclas salonunda Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Toplantıda çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov müəllimləri peşə bayramı münasibətilə təbrik etmiş, müəllim adının ucalığından danışaraq ölkədə, rayonumuzda təhsil sahəsinin  inkişafına göstərilən qayğıdan söz salmışdır.

Azərbaycanın təhsil sisteminin beynəlxalq sistemə inteqrasiya olunduğunu qeyd edən rayon rəhbəri son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil sahəsində geniş islahatların həyata keçirildiyini, ümumtəhsil ocaqlarının müasirləşdirilməsi və yeniləşdirilməsi proqramına uyğun olaraq rayonda 50-yə yaxın yeni məktəbin inşa edildiyini diqqətə çatdırmışdır.

Rayon təhsil şöbəsinin müdiri Niftəli Fərzəliyev, veteran müəllim Əliyulla Ağalarov, Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova, ölkə başçısının sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq bilinmiş 2 saylı məktəbin müəllimi Tamella Məmmədova,  təhsil şöbəsinin təhsil meneceri Kamran Əliyev və başqaları müəllimləri əlamətdar gün münasibətilə təbrik etməklə bərabər, ölkəmizdə müəllim əməyinə verilən yüksək qiymətdən, rayonun məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülmüş işlərdən, valideyn-məktəb əlaqəsindən, ötən tədris ilində rayonun təhsil işçilərinin və məktəblilərin qazandıqları uğurlardan danışmışlar.

Çıxışçılar  müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğunu, bundan sonra da böyük hörmətlə, yüksək ehtiramla çəkiləcəyi qeyd etmiş, təhsilə, təhsil işçilərinə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Daha sonra Beynəlxalq Müəllim Günü münasibətilə təhsil sahəsində qazandığı uğurlara və rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup təhsil işçisi fəxri fərman və hədiyyələrlə təltif olunmuşdur.