Şövkət Əzim oğlu Bağırov

Rayonumuzun pedaqoji ictimaiyyətinə ağır itki üz vermişdir. Səmimi insan, bacarıqlı müəllim, veteran pedaqoq Şövkət Əzim oğlu Bağırov uzun sürən ağır xəstəlikdən sonra ömrünün 80-ci ilində vəfat etmişdir.

Şövkət Bağırov 1939-cu il fevralın 16-da Yasab kəndində anadan olmuşdur.

1956-cı ildə Hil kənd orta məktəbini bitirdikdən sonra bir müddət kolxozda işləmişdir. 1958-ci ildə ADPİ-na daxil olmuş və 1963-cü ildə bu institutun fizika və riyaziyyat fakultəsini bitirmişdir.

Şövkət Bağırov pedaqoji fəaliyyətə Sabirabad rayonunda başlamış, 1967-ci ildə rayonumuza qayıdaraq müəllimlik fəaliyyətini təhsil aldığı Hil kənd orta məktəbində davam etdirmişdir. 1973-cü ildə iş yerini doğma Yasab kənd orta məktəbinə dəyişmiş, bu təhsil ocağında əvvəlcə müəllim, daha sonra isə tədris işləri üzrə direktor müavini, təşkilatçı vəzifələrində çalışmışdır.

Şövkət Bağırov ilk növbədə yaxşı pedaqoq, layiqli tərbiyəçi idi. Onun biliyi, təşkilatçılıq qabiliyyəti, yaradıcılıq həvəsi, mütəmadi olaraq öz üzərində işləməsi məktəbdə təlim-tərbiyə prosesinin durmadan təkmilləşdirilməsinə, onun effektivliyinin yüksəlməsinə xidmət edirdi.

Şövkət Bağırov bir ziyalı kimi kənd, rayon camaatının, çalışdığı məktəblərdə pedaqoji və şagird kollektivlərinin hörmətini qazana bilmişdi. Eyni zamanda o, özünün bütün fəaliyyətilə, insanlara münasibəti və şəxsi mənəvi keyfiyyətləri ilə hamıya nümunə idi. Şövkət müəllim həmişə yeniliyə can atır, müxtəlif forum və müsabiqələrdə iştirak edir, özünün təhsil yükünü müasir səviyyədə daşımağı bacarırdı.

Əmək veteranı, həyatının 50 ilini kənddə təhsilin inkişafına, yeni nəslin savadlanmasına sərf etmiş Şövkət Əzim oğlu Bağırovun işıqlı və nurlu xatirəsi hələ uzun illər onu tanıyan və sevən insanların yaddaşında qalacaqdır.

Allah rəhmət eləsin!

Yasab kənd tam orta məktəbin pedaqoji kollektivi