Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi

Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, rayonun hüquq-mühafizə, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, prokurorluq işçiləri əvvəl ümummilli liderin abidəsi önünə gül dəstələri düzüb dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, prokurorluq orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etdi, onlara işlərində və xidməti fəaliyyətlərində uğurlar arzuladı. O bildirdi ki, respublikamızın hüquq-mühafizə orqanları sistemində xüsusi yeri və mövqeyi olan prokurorluq orqanlarının yaranması 100 il əvvələ-Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünə təsadüf edir. Bu dövrdən başlayaraq Azərbaycan prokurorluğu qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması sahəsində çətin, lakin şərəfli yol keçmişdir.

Qusar Rayon Prokuroru,  ədliyyə müşaviri Mübariz Əhmədov həmkarlarını əlamətdar gün münasibətilə təbrik edərək, respublikanın prokurorluq orqanlarının keçdiyi 100 illik şərəfli yoldan danışmışdır. Məruzəçi rayonda ictimai-siyasi sabitliyin, dövlətçilik maraqlarının qorunmasında, cinayətkarlığa qarşı kəskin, barışmaz mübarizə aparılmasında, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində daha da fəal olacaqlarını bildirmişdir.

Prokurorluq orqanlarının veteranı, baş ədliyyə müşaviri Zahid Vəliyev bildirilib ki, ümummilli lider Heydər Əliyev prokurorluq orqanlarına həmişə diqqət və qayğı ilə yanaşıb, Azərbaycan Prokurorluğunun əməkdaşlarının sosial durumunun yaxşılaşdırılması istiqamətində mühüm fərman və sərəncamlar imzalayıb. Prokurorluq orqanları Prezident İlham Əliyev tərəfindən həyata keçirilən hüquq islahatları nəticəsində qanunçuluğu və insan azadlığını hərtərəfli təmin edən vətəndaş cəmiyyəti quruculuğu prosesində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər.

Təbrik sözü söyləyən Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, partiyanın rayon təşkilatının sədri David İbramxəlilov rayon prokurorluğunun işçilərinin qanunçuluğun bərqərar olmasında, qanunun aliliyinin qorunmasında, əhali arasında hüquqi təbliğatın aparılmasında mühüm işlər gördüyünü qeyd edib.

Tədbirin sonunda prokurorluq işçilərinin bir qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.