Suallar cavablandırıldı, tapşırıqlar verildi

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun budəfəki ənənəvi səyyar qəbulları sentyabrın 20-də Uqur və Əcəxür kəndlərində baş tutmuşdur.

Uqur. Kənd məktəbinin həyətinə toplaşanlar rayon və xidmət sahələrinin rəhbərlərini səmimi qarşıladılar.

Qəbula gələnlər qarşısında çıxış edən RİH-nin başçısı Şair Alxasov rayonumuzda həyata  keçirilən yenidənqurma, abadlıq işlərindən, əhalinin sosial və maddi-rifah halının yaxşılaşdırılması, əmək məşğulluğunun təmin edilməsi, aqrar sektorun canlandırılması istiqamətində həyata keçirilən tədbirlərdən, həmçinin qarşıda duran vəzifələrdən danışmışdır.

Kənd ağsaqqalı Şafi Şafiyev səyyar görüş və qəbulların keçirilməsini ürəkdən alqışladıqlarını bildirməklə bərabər, bu yerlərin ən ağrılı problemi olan yol məsələsinə toxundu: -Qusar-Həzrə yolu təmir ediləndən sonra yolçular mənzil başına  rahat, həm tez yetişirlər. Belə yol Suduradək uzansa, daha 12 kəndin minlərlə əhalisinin gediş-gəlişi asanlaşar.

Adı çəkilən yolun əsaslı təmiri, asfalt döşənməsi ilə bağlı məsələyə aydınlıq gətirən RİH başçısıın birinci müavini Şahid Fərəməzov bildirdi ki, rayon rəhbərliyi bununla bağlı sənədləri hələ ötən il müvafiq hökumət qurumlarına təqdim edib. Alınan cavablara görə Həzrə-Sudur yolunun əsaslı təmiri gələn ilin investisiya planına daxil edilib. Qusar-Həzrə yolunun ikinci qat asfaltının döşənməsi də bu yolla bilavasitə bağlıdır:- Həzrə-Sudur istiqamətində yolun təmirində istifadə ediləcək ağır texnika, iritonnajlı yük maşınlarının hərəkəti onu zədələyə bilər. Hər iki yolun ikinci qat örtüyü eyni vaxtda döşənəcək.

Kənd sakinləri Dair Qayıbxanov, Sədrəddin Paşayev və başqaları qış, qışlama, qazlaşdırma, elektrik enerjisi, yanacaq təchizatı ilə məsələləri də qabartdılar.

İcra başçısı sakinləri əmin etdi ki, bu istiqamətdəki kəndlərin qazlaşdırılması da diqqətdədir. Sadəcə bu iş indi Avaran, Xürel, Yasab, Cibir kəndlərində həyata keçirilir. Yanacaq odun tədarükünə gəldikdə, regional meşə idarəsinin yaradılmasının yanacaq odun üçün sənədin əldə edilməsinə heç bir təsiri yoxdur: hər bir vətəndaş ərizə ilə müraciət edib, müvafiq rüsumu ödəməklə odun tədarük edə bilər.

Əcəxür. Kənd məktəbində keçirilən səyyar qəbulda çıxış edən   RİH-nin başçısı Şair Alxasov məktəbin qayğıları, problemləri, təhsildə əldə edilən nəticələrlə maraqlandı. Tədris ocağının direktoru Farid Eldarov məlumat verdi ki, 56 nəfər şagirdin təlim-tərbiyəsi ilə 15 nəfər müəllimin məşğul olduğu yeni məktəbdə dərs prosesinin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. Ötən dərs ilində 6 nəfər məzundan 1 nəfəri tələbə adını qazanıb.

Rayon rəhbəri bu nəticəni məqbul saymadı. O, inkişafımızın, ölkənin tərəqqisinin, kadr potensialının ancaq təhsillə, bilikli mütəxəssislərlə bağlı olduğunu, qarşıdakı illərdə məktəbin daha böyük uğurlara imza atacağına ümid bəslədiyini  bildirdi.

Kənd sakinlərindən Əzim Əzimov, Zərinə Həsənova və başqaları pay torpaqların kol-kosdan təmizlənməsi, yanacaq odunun alınmasını, elektrik enerjisinin fasilələrlə verilməsi, telefonlaşdırma ilə bağlı məsələləri gündəmə gətirdilər.

Müvafiq təşkilatların rəhbərləri-rayon telekommunikasiya qovşağının rəisi Fərhad Pirmətov, elektrik təchizatı şəbəkəsinin rəisi Rəhman Səmədov qaldırılan sualları cavablandıraraq yeni kabel alınandan sonra telefonlaşdırma ilə bağlı təkliflərin təmin ediləcəyini, transformatorların qaydaya çalınacağını, elektrik naqillərinin yeniləri ilə əvəzlənəcəyini bildirdilər.